logo
First slide

1000 nəfərlik zala 100 qonaq - Toyda hər kəs maska ilə iştirak etsin - VİDEO

25 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bu tarixdən toylar bərpa olunur” bu xəbərin həqiqət olmasını həm toyu təxirə düşən cütlüklər, həm də işi toyla əlaqədar olan şəxslər səbirsizliklə gözləyirlər. Düzdür, biz hələ də virusla mübarizəni davam etdiririk, lakin ekspertlər də bildirir ki, biz virusla yaşamağa alışmalıyıq. Ona görə də ən azından noyabra qədər açıq havada toyları keçirmək olar.

ARB TV-də yayımlanan “Günə doğru” verilişində məsələ ilə bağlı ətraflı süjet hazırlanıb.

Sakin: “Düşünürəm ki, pandemiya dövründə toylar olmasa yaxşıdır. Çünki virus hələ də yayılmaqda davam edir. Biz virusla yaşamağı öyrənməyə çalışmalıyıq”.

Sakin: “Toylar, yaxud bu kimi mərasimlər hansısa formada keçirilməlidir. Keçirilsə, hər kəs maska ilə iştirak edə bilər”.

Əpoş Vəliyev – Filologiya üzrə fəlsəfə doktoru: “Uzun müddətdir ki, gənc cütlüklər toy gözləyirlər. Artıq zamanın uzanması bəzi problemlərin çıxmasına, söz-söhbətə səbəb olur. Həm də toyların keçirilməməsi yeni ailələrin qurulmaması ilə nəticələnir ki, bunun da gələcəkdə fəsadlarını hiss edəcəyik. Düşünürəm ki, açıq havada toyların keçirilməsinə icazə verilməlidir”.

Milli Məclisin deputatı Rəşad Mahmudov bildirir ki, virusun qısa müddətli olmadığı hamımıza məlumdur. Buna görə də müəyyən qaydalara əməl etməklə artıq toylara icazə verilməlidir.

Rəşad Mahmudov – Milli Məclisin deputatı: “Mən şəxsən düşünürəm ki, Azərbaycanda bunun üçün imkanlar çoxdur. Azərbaycanda şadlıq evlərində olan məkanın çox geniş olması bizə həmin o 500-1000 nəfərlik şadlıq saraylarında rahat şəkildə 50 nəfərlə, 100 nəfərlə məsafəni qoruyaraq uyğun şərtlərlə toy məclisinin keçirilməsinə şərait yarada bilər”.

Şəhriyar Məhərrəmov – Müğənni: “Bəzi şadlıq sarayları olduqca böyükdür. Məsələn 400 nəfərlik şadlıq sarayında 100-150 nəfərin iştirakı ilə məclislər keçirilə bilər. Burada karantin qaydaları, məsafə də gözlənilər. Şadlıq saraylarında bu işə nəzarət etmək üçün Daxili İşlər Nazirliyindən, Operativ Qərargahdan nümayəndələr də nəzərdə tutula bilər”.

Etiraf etmək lazımdır ki, burada məsuliyyət təkcə dövlətin və vəzifəli şəxslərin üzərinə yox, eləcə də toy sahibinin və toya gələn qonaqların üzərinə düşür.

Əpoş Vəliyev – Filologiya üzrə fəlsəfə doktoru: “Bizim toylarda adətən bəy-gəlini oynatmaq, yallı getmək var. Bu da yoluxma sayını artıra bilər. Ona görə də toylarda bu kimi adətləri ləğv edib məclisləri həyata keçirmək olar”.

Şəhriyar Məhərrəmov – Müğənni: Bu gün əgər Bakı şəhərində yerləşən bütün restoranlarda insanlar oturub yeyib-içirlərsə, eyni prosesi toya da tətbiq etmək olar. 100-150 nəfərin iştirakı ilə toyların keçirilməsini bərpa etmək olar”.

Rəşad Mahmudov – Milli Məclisin deputatı: “Sual çıxa bilər ki, toyların keçirilməsi bəzi məhdudiyyətlərlə bərpa edilsə, bunun zəmanəti varmı? Onu deyə bilərəm ki, yox, heç bir şəkildə yoxdur. Səhiyyə ekspertləri deyirlər ki, əgər yoluxma olarsa, lokal olaraq həmin yerlərdə karantin tədbirləri nəticəsində bunun qarşısını almaq olar”.

Xatırladaq ki, artıq 6 aydan çoxdur, daha dəqiq desək, mart ayının 15-dən sonra ölkə ərazisində toy məclisləri qadağan edilib.

Oxşar xəbərlər
OTACI
OTACI