Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazirlər Kabineti büdcə məsələlərini müzakirə edib

23 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Bu barədə Press.az-a Nazirlər Kabinetindən məlumat verilib. 

Ə.Əsədov bildirib ki, pandemiya nəticəsində “qlobal məcmu tələbin azalması, dünya bazarlarında neftin qiymət volatilliyinin yüksəlməsi, həmçinin məhdudlaşdırıcı tədbirlərin tətbiqi bütün dünya ölkələrində olduğu kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib və nəticədə ölkəmizdə də iqtisadi fəallığın azalması müşahidə olunub.

Baş Nazir xərclərin səmərəliliyi və qənaətin vacibliyini vurğulayaraq deyib ki, büdcə təşkilatları tərəfindən cari xərclərdən səmərəli, düzgün istiqamətdə və qənaətcil istifadə olunmalıdır: "Çünki bir cox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirlir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir. Həmçinin büdcə alışlarında bir qayda olaraq idxala üstünlük verilir. Aidiyyəti orqanlar tərəfindən büdcə təşkilatlarında cari xərclərin effektiv istifadəsinə nəzarət daha da gücləndirilməlidir. Eyni zamanda prioritet olmayan tədbirlərin keçirilməsinə üstünlük verilməməli, bu istiqamətdə xərclər optimallaşdırılmalı, o cümlədən lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır. Növbəti ilin dövlət büdcəsində əsaslı xərclər çox önəmli əhəmiyyət kəsb edir. Təbii ki, investisiya xərcləri iqtisadi artıma, məşğulluğa müsbət təsir edir. Lakin investisiya proqramlarının şəffaflığının, iqtisadi səmərəsinin və gəlirliliyinin yüksəldilməsi olduqca vacibdir. Qeyri-prioritet təşkil edən investisiya layihələri ixtisar olunmalı və ayrılmış vəsaitlər qənaətlə istifadə edilməlidır”.

Ə.Əsədov daha sonra diqqəti Prezident İlham Əliyevin dövlət şirkətlərinin fəaliyyətinin səmərəliliyini artırılması haqqında tapşırığına cəlb edib: “Cənab Prezident avqustun 6-da keçirdiyi videomüşavirədə dövlət şirkətlərində idarəetmənin təkmilləşdirilməsini, dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsinə baxmayaraq onların fəaliyyətinin səmərəli olmadığını, əksər dövlət şirkətlərinin maliyyə vəziyyətinin ağır olduğunu, borclanma yükünün artdığını və bu sahədə nəzarət funksiyasının kifayət qədər effektiv olmadığını bildirib. Qeyd olunan problemlərin həlli məqsədilə Prezidentin 7 avqust tarixli fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradııb və bu qurumun qarşısında çox vacib və ciddi tapşırıqlar qoyulub”. 

Qeyd olunub ki, ölkənin hərbi potensialının və ordu quruculuğunun daha da gücləndirilməsi istiqamətində növbəti ilin büdcəsində də ciddi artım nəzərə alınıb və ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması növbəti büdcə ilində də öz prioritetliyini saxlayacaq.

Baş Nazir qeyd edib ki, Prezidentin rəhbərliyi altında ortamüddətli perspektivdə, o cümlədən 2021-ci ildə də hökumət qarşısında qoyulan bütün tapşırıqlar vaxtında və bütövlükdə icra olunacaq.

İclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə nazirinin müavini Azər Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxış edərək büdcə layihəsi haqqında fikirlərini bildiriblər.

Sonda Nazirlər Kabineti xüsusi Qərarla “Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nin bəyənilməsi və layihələrin və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi haqqında qərar qəbul edib.

Oxşar xəbərlər
OTACI