Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dövlət müəssisələri tam heyətlə nə zaman işə çıxır? - AÇIQLAMA

17 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Artıq Azərbaycanda COVİD-19-la bağlı yoluxma sayı aşağı düşüb, eyni zamanda karantin rejimində də yumşalmalar tətbiq edilir. Bəs, görəsən, bu dəyişikliklərdən sonra dövlət müəssisələri tam işçi heyətlə fəaliyyətə başlayıbmı?

Məlumat üçün bildirək ki, mart ayında Baş nazir Əli Əsədov tərəfindən dövlət qurumları, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə məktub ünvanlanmışdı. Məktubda dövlət qurumlarının rəhbərlərinə koronavirus infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar var idi. Sadalanan bu tapşırıqlar arasında 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlərin tətbiq edilməsi və digər bu kimi tövsiyələr daxil edilmişdi.

Mövzu ilə bağlı bir neçə dövlət qurumu ilə əlaqə saxlayaraq vəziyyəti öyrənməyə çalışdıq.

BŞTİ-də işçilərin 50 faizi işə gəlir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov "Yeni Müsavat”-a bildirib ki, qurum fəaliyyətini əsasən Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərə uyğun olaraq təşkil edir:

"Bu baxımdan məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin səmərəliliyinin artırılmasından ibarətdir.  Belə ki, BŞTİ-nin fəaliyyətinin təmin edilməsi məqsədilə İdarənin və onun strukturuna daxil olan qurumların əməkdaşları məhdud sayda (ümumi işçi sayının 50%-ə qədəri) işə cəlb olunur. Həmçinin öhdəsində azyaşlı (7 yaşadək) uşağı olmayan əməkdaşların işə cəlb olunmasına üstünlük verilir.

Onu da qeyd edək ki, müzakirə və məsləhətləşmələr onlayn qaydada aparılır, zərurət olduqda videokonfranslar təşkil olunur. Vaxtaşırı olaraq bütün təhsil müəssisələrində və BŞTİ-nin inzibati binasında dezinfeksiya işləri aparılır.

ADY-də elektron sənəd dövriyyəsi tətbiq olunub...

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti Natəvan Bayramova da sualımızı cavablandırıb: "Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarının və tapşırıqlarının, eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinin icrası məqsədilə ölkə ərazisində xüsusi karantin rejimi müddətində digər dövlət qurumlarında olduğu kimi, "Azərbaycan Dəmir Yolları" QSC-də işçilərin işə cəlb edilməsi ilə əlaqədar müvafiq tədbirlər görülüb.

Cəmiyyətin bütün struktur bölmələri üzrə yalnız xidməti zərurət əsasında minimum sayda, ümumi işçilərin 30%-dək işçinin işə cəlb olunması, digər bütün hallarda əməkdaşların əmək funksiyalarını bilavasitə iş yerinə gəlmədən, evdən yerinə yetirmələri təmin edilib. İşçilərin evdən vəzifə öhdəliklərini icra etmək üçün elektron sənəd dövriyyəsi tətbiq olunub. Yaşı 65-dən yuxarı, həmçinin azyaşlı uşaqları olan işçilərə evdən işləmələri üçün şərait yaradılıb. İş yerinə gəlmək zərurəti olan müvafiq şöbə, bölmə əməkdaşları üçün növbəlilik əsasında iş təşkil edilib. İşə cəlb olunan əməkdaşlar üçün iş vaxtı şəxsi gigiyena qaydalarına qəti əməl olunması, mütləq şəkildə tibbi maskalardan istifadə edilməsi, tez-tez dezinfeksiyaedici vasitələrlə əllərin silinməsi, xidməti istifadələrində olan əşya, cihaz və avadanlıqların gün ərzində mütəmadi olaraq dezinfeksiya edilməsi üçün lazımi tədbirlər görülüb. Həm evdən işləyən, həm də növbə ilə iş yerində çalışan əməkdaşların əmək haqlarının tam şəkildə ödənilməsi təmin edilib".

Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel İsgəndər də "Yeni Müsavat”a bildirib ki,  universitetdə əsasən növbəli iş prinsipi həyata keçirilir: "Əsasən dekanlar, tyutorlar, struktur rəhbərləri işə gəlirlər. Eləcə də, onlayn dərs prosesi ilə məşğul olan əməkdaşlar işə cəlb olunublar. Bununla belə, 65 yaşdan yuxarı olanlar işə çağırılmır. Sosial məsafə qorunur. Ciddi qaydalara riayət edirik. Hər səhər əməkdaşların hərarəti ölçülür. Maskasız gəzmək qadağandır. Dezinfeksiyaedici məhlullar paylanır. Bir sözlə, hər yerdə necədirsə, bizdə də o qayda davam etdirilir”.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən isə bildirilib ki, artıq nazirliyin əməkdaşları bütün heyətlə işə çıxırlar.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə "Yeni Müsavat”a bilirib ki, bu məsələ ilə bağlı hər hansı bir dəyişiklik yoxdur.

Oxşar xəbərlər
OTACI