logo
First slide

Tonyukukun 1300 illiyi ilə bağlı müzakirələr – XİN məlumat yaydı

11 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

YUNESKO üzrə Türkiyə Milli Komissiyasının təşkilatçılığı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan Milli Komissiyaları, TÜRKSOY, Türk-PA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, Türkiyə dövlət qurumlarının təmsilçilərinin iştirakı ilə Tonyukuk abidəsinin 1300 illik yubileyi münasibətilə onlayn görüş keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tədbirdə ölkəmizi XİN-in Xüsusi tapşırıqlar üzrə səfiri, YUNESKO üzrə Milli Komissiyanın Baş katibi Elnur Sultanov təmsil edib.

O, Tonyukuk abidəsinin əhəmiyyətindən danışıb, bu abidənin 1300 illiyinin 2020-ci il üçün YUNESKO-nun Yubileylər Proqramına daxil edilməsinin əlamətdar hadisə olduğunu bildirib.

Eləcə də türkdilli xalqların mədəni abidələrinin öyrənilməsi, tanıdılması və təşviqinin Azərbaycan mədəniyyət siyasətinin diqqət ayrılan istiqamətlərindən biri olduğunu qeyd edib.

Türk dünyasının zəngin mədəni irsinin qorunması və təşviqi sahəsində əməkdaşlıqdan bəhs edən E.Sultanov hələ 1997-ci ildə Dədə Qorqud dastanının 1300 illik yubileyinin qeyd olunması barədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən fərman imzalandığını, bu əlamətdar hadisənin YUNESKO-nun Yubileylər Proqramı çərçivəsində, 2000-ci ildə isə Bakıda türkdilli ölkələrin rəhbərlərinin və YUNESKO Baş direktorunun iştirakı ilə qeyd olunduğunu vurğulayıb.

O, Türk dünyasının ortaq maddi və qeyri-maddi mədəni irsinin qorunması və təşviqi istiqamətində gələcək əməkdaşlıq üçün mövcud perspektivlərdən bəhs edib və təkliflərini irəli sürüb.

O, həmçinin tədbir iştirakçılarına görkəmli yazıçımız, dramaturq Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyinin 2020-ci il üçün YUNESKO-nun Yubileylər Proqramına daxil edilməsi, bu yubileyin qeyd edilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalandığı, eləcə də bu istiqamətdə keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

E.Sultanov ölkəmizin YUNESKO ilə münasibətlərinin möhkəmləndirilməsi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd edib.

O, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın YUNESKO dəyərlərinin təbliğində, dünya irsinin qorunmasında, abidələrin bərpasında, mədəniyyətlərarası dialoqun, təhsilin, gender bərabərliyinin təşviqində və digər sahələrdə müstəsna xidmətlərini vurğulayıb

E.Sultanov Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarında ölkəmizə qarşı mədəni təmizləmə siyasətinin həyata keçirildiyini, bu torpaqlarda yerləşən türk dünyasının ortaq mədəni irsi olan abidələrin Ermənistan tərəfindən vəhşicəsinə dağıdıldığı, mənimsənildiyi, tarixi və mahiyyətinin dəyişdirildiyini diqqətə çatdırıb. Bunun qarşısının alınması məqsədilə türkdilli dövlətlərin birgə səylərinin mühüm əhəmiyyətini vurğulayıb.

Çıxış edən digər tədbir iştirakçıları türk dünyasının ortaq mədəni irsi olan abidələrin əhəmiyyəti, Tonyukuk abidəsinin türk tarixi və mədəniyyəti üçün önəmi, onun qorunması və təşviqi ilə bağlı görülən işlərdən, habelə YUNESKO çərçivəsində birgə əməkdaşlığın vacibliyindən bəhs ediblər.

Oxşar xəbərlər
OTACI
OTACI