Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Yüksəliş” müsabiqəsi əyani mərhələyə start verir

10 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Yüksəliş” müsabiqəsi sentyabrın 12-də əyani mərhələnin imtahanlarına başlayır.

Press.az-ın məlumatına görə, imtahan Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə 11 regionda təşkil olunmuş 24 imtahan mərkəzində keçiriləcək. Əyani mərhələnin imtahanına müsabiqənin əvvəlki mərhələlərini uğurla keçmiş 940 nəfər qatılacaq. İmtahan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla hazırlanmış təlimata uyğun təşkil ediləcək.

Əyani mərhələ “Qabiliyyət üzrə yoxlama” və “İdarəetmə bacarıqları” üzrə olmaqla 2 imtahandan ibarətdir. 2 saat ərzində keçirilməsi nəzərdə tutulan “Qabiliyyət üzrə yoxlama imtahanı”nda iştirakçılar onlayn mərhələnin qabiliyyət imtahanında doğru cavablandırdığı sualların ümumi sayının ən azı 70%-ni, bloklar üzrə ayrı-ayrılıqda doğru cavablandırdığı sualların isə ən azı 50%-ni təkrar etməlidirlər.

Əyani mərhələnin “İdarəetmə bacarıqları üzrə imtahan”ına yalnız “Qabiliyyət üzrə yoxlama imtahan”ından uğurla keçən iştirakçılar buraxılacaq. Əyani mərhələnin yoxlama imtahanının nəticələri iştirakçılara həmin gün təqdim olunacaq.

3 saat ərzində keçirilməsi nəzərdə tutulan “İdarəetmə bacarıqları üzrə imtahan”ın nəticələri 2 həftə müddətində yoxlanılıb iştirakçıların şəxsi elektron kabinetinə göndəriləcək. İmtahanlarda ən yüksək nəticə göstərən 300-dək iştirakçı müsabiqənin növbəti mərhələsi olan yarımfinalda iştirak etmək hüququ qazanacaq.

İmtahana gələrkən iştirakçılar ölkədə hazırki sanitar-epidemioloji qaydalara uyğun sosial məsafəni qorumalı, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etməlidirlər. İmtahan zalına girməzdən əvvəl iştirakçıların temperaturu yoxlanılacaq. Temperaturu 37°C-dən yuxarı olan iştirakçılar imtahana buraxılmayacaq.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə 11.760 nəfər qeydiyyatdan keçib. Onlardan 9.775 nəfər müsabiqəyə qəbul edilib.

“Yüksəliş” müsabiqəsi cənab Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Oxşar xəbərlər
OTACI