Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Millət vəkili tarixi bina ilə bağlı Mədəniyyət nazirliyinə müraciət edib

09 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bayılda 1902-ci ildə tikilən tarixi binanın qorunması ilə bağlı deputat Nigar Arpadarai mədəniyyət Nazirliyi qarşısında məsələ qaldırıb. 

Bununla bağlı N.Arpadarai “Facebook” hesabında məlumat paylaşıb.

“Hörmətli memarımız Elçin Əliyev maklerlərin verdiyi məlumata əsaslanaraq öz səhifəsində Bayılda 1902-ci ildə tikilən tarixi bir binanın (Azərbaycan Hərbi Dəniz Donanmasının Zabitlər evi) yerləşdiyi torpaq sahəsinin satışa çıxarılması və binanın söküləcəyi barədə məlumat paylaşıb. Bu bina yalnız neft bumu dövründə Bakının memarlığının gözəl bir nümunəsi deyil, eyni zamanda bir çox bakılıların şəxsi xatirələrinin yaşadığı bir yerdir”, - millət vəkili bildirib.

Deputat qeyd edib ki, tarixi binanın şəhərimiz və xüsusən də Səbail rayonu üçün əhəmiyyəti şübhəsizdir:

“Təəssüf ki, bu bina dövlət tərəfindən qorunan memarlıq abidələrinin siyahısında deyil. Bu məsələ ilə əlaqədar Mədəniyyət naziri vəzifələrini icra edən Anar Kərimovla əlaqə saxladım. Anar müəllim bu məsələni şəxsi nazarətinə götürəcəyini bildirdi. Operativ reaksiyaya görə Nazirliyə təşəkkürümü bildirirəm. Vətəndaşlarımızı, əziz bakılılarımı tarixi binaların söküntüsü ilə bağlı məlumatlara diqqətli olmağa çağırıram. Dünən müraciət etdiyim Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, hazırda bu ərazidə söküntü və ya tikinti işləri aparılacağı barədə müraciət daxil olmayıb”.

N.Arpadarai paylaşımında əlavə edib ki, bu gün Elçin Əliyev ilə birlikdə bu məkanı ziyarət ediblər:

“Sözügedən binanı şəhərimiz və gələcək nəsillər üçün mümkün olan bütün hüquqi üsullarla qorumaq üçün bu məsələni aidiyyəti qurumların və ictimaiyyətin diqqət mərkəzində saxlayacağıq. Məsələdən kənarda qalmadığı üçün Elçin müəllimə təşəkkür edirəm”.

Oxşar xəbərlər
OTACI