Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyəli ekspert: "Yunanıstan olmayan qaz üçün fırtına qoparmaq istəyir"

05 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Prezident İlham Əliyevin Yunanıstanın Azərbaycana təyin edilmiş yeni səfiri ilə görüşündəki açıqlamasının son dərəcə tarixi, strateji əhəmiyyətə malik olduğunu düşünürəm”. 

Press.az xəbər verir ki, bunu “Report”un Türkiyə bürosuna açıqlamasında bu ölkənin Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Məsələləri Şurasının üzvü, beynəlxalq əlaqələr üzrə mütəxəssis, professor Məsud Haqqı Caşın deyib.

Onun sözlərinə görə, Azərbaycanın dövlət başçısı faktiki olaraq Yunanıstanın, Aralıq dənizi sahilində yerləşən bəzi NATO ölkələri, o cümlədən Fransa ilə birlikdə Türkiyəni təcrid etmək siyasəti qarşısında rəsmi Ankaranın tək olmadığını və Bakının onun yanında olduğunu bütün dünyaya elan edib.

“Bu açıqlama təkcə iqtisadi - enerji sahəsində deyil, siyasi, hərbi və mədəni sahələrdə dəstəkdir. Görünən əsas məqamlardan biri odur ki, Azərbaycan “Əgər siz Türkiyə ilə müharibəyə başlasanız, onun yanındayıq” dedi. Türkiyənin 85 milyonluq əhalisinə 10 milyonluq Azərbaycan əhalisini də əlavə etsək, bu, 95 milyon insan deməkdir və 9 milyonluq Yunanıstan əhalisindən 10 dəfə güclü bir “türk yumruğu”nu ortaya qoyur. “Bir millət, iki dövlət” siyasəti ilə bir-birinə arxa duran Azərbaycan və Türkiyə qarşılıqlı dəstəyi açıq şəkildə ifadə edir. Bundan əvvəl isə Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribata qarşı Türkiyə dərhal reaksiya verərək Azərbaycanın yanında oldu və bu davranış ötən illərdən fərqli olaraq hərbi xarakterli oldu ki, bu da fövqəladə dərəcədə əhəmiyyətlidir”, - M.H.Çaşın qeyd edib.

“İ.Əliyevin Yunanıstan səfirinə dediyi hər sözdə tarixi faktlar var idi. Bir qədər diqqətli olsanız, burada Ermənistana və Rusiyaya açıq mesajları görərsiniz. Dövlət başçısı “Ermənistana silah verib, güc balansını pozmayın” deyirdi. Çünki Rusiya Ermənistanı silahla təmin edib, Azərbaycanın təhlükəsizliyini sual altında qoyur, bu silahlarla Azərbaycan əsgərləri və mülki əhali öldürülür. Yəni Azərbaycan Ermənistan, Yunanıstan və Rusiyanın işbirliyindən narahat olduğunu da bəyan etdi. İ.Əliyev İrana da mesaj göndərdi. Bu ölkə Azərbaycana qonşu olsa da, vaxtaşırı Xəzər dənizinin hüquqi statusunu sual altına qoyan addımlar atır, eyni zamanda Ermənistanın yanında olduğunu açıq şəkildə ortaya qoyur”, - deyə ekspert əlavə edib.

Bundan başqa, M.H.Caşının sözlərinə görə, hazırda Azərbaycan və Türkiyə iri layihələr reallaşdırır: “İki ölkə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Xəzərdən çıxan təbii qazı Yunanıstana və İtaliyaya çatdırır. Bu da iki türk dövlətinin uğurudur. Yəni Azərbaycan rəhbərliyi yunanlara həm də onu dedi ki, sakit oturun, əks təqdirdə baş verəcək hadisələrin məsuliyyətini biz daşımayacağıq.

Mən illər öncə TANAP barədə Avropa parlamentində yunanlarla etdiyim paylaşımlarda onların Türkiyəni və Azərbaycanı nə qədər dəstəklədiklərini görmüşdüm. Bu baxımdan onlar oturub təkrar bu məsələ üzərində düşünməlidilər. Yunanıstan bilməlidir ki, bu gün onlar Aralıq dənizində hələ olmayan qaz üçün fırtına qoparmaq istəyir, ancaq türklər qazı İtaliyaya qədər çatdırırlar. Bu, iki dövlətin nə qədər ciddi yol qət ediyini ortaya qoyur”.

“Prezidentin daha bir mühüm mesajı isə mədəni xarakterli idi. Dünya bilməlidir ki, Türkiyə və Azərbaycan Qafqaz regionunda sülh və sabitliyi təmin etmək üçün Orta Asiyaya bir qapıdır. Bu qapı iki millət mövcud olduqca əbədi qalacaq”, - deyə beynəlxalq əlaqələr üzrə mütəxəssis fikrini tamamlayıb.

Oxşar xəbərlər
OTACI