logo
First slide

Sərt karantin rejiminin tətbiqi ilə bağlı müsbət nəticə - Ayın 5-dən sonra... - VİDEO

28 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Azərbaycan dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizədə ciddi tədbirlər görən ölkələr sırasındadır. Son günlər qeydə alınan müsbət dəyişikliklər isə atılan addımların düzgün olduğunu göstərir. Artıq yoluxma ilə sağalma arasında müsbət mənada ciddi fərq var. Amma həkimlər yenə də bu müsbət tendensiyaya görə arxayınlaşmamağa çağırırlar.

Sərt karantin və məhdudiyyətlərin tətbiqi artıq öz təsirini göstərir. Əldə olunan müsbət dinamika nəticəsində gündəlik yoluxma sayı stabilləşib. Hətta xəstəlikdən sağalanların sayı da yoluxanları ötüb. Bu müsbət tendensiyanın əsas səbəbi isə vətəndaş məsuliyyəti və əhalinin böyük qisminin qaydalara riayət etməsidir.

Sədrəddin Atakişizadə – infeksionist: "Həyata keçirilən profilaktik tədbirlərdən sosial məsafənin gözlənilməsi, maskaların, əllərin yuyulması, dezinfeksiyaedici tədbirlərin vaxtında həyata keçirilməsi hesabına xəstələnmə sayları get-gedə azalır. Xəstələnənlərin sayının azalması, həm də sağalanların sayının artması xoş bir haldır. Bu hal davam etsə, yəqin ki, ayın 5-nə qədər xəstələnmə sayları kəskin azalacaq".

Həkimlər deyir ki, tətbiq edilən məhdudiyyətlər yoluxmanın sürətini və sayını azaldır. Amma insanlar arxayınlaşmamalıdır. Əsas şərtlərdən biri bu dinamikanın saxlanılmasıdır.

Sədrəddin Atakişizadə – infeksionist: "Bu, o demək deyil ki, xəstəlik tam azalıbdır, biz rahat olaq. Yox. Hələ bu xəstəlik, bu düşmən bizim aramızdadır. Biz bundan ehtiyatlı olmaq üçün yenə də profilaktik tədbirlərimizi davam etdirməliyik. Hətta o tədbirlər yumşalsa belə, biz bunu eləməliyik. Niyə? Ona görə ki, biz hal-hazırda insanlarımızın hər birinə xəstə kimi və yaxud da virus daşıyıcısı kimi yanaşmalıyıq ki, özümüzü onlardan qoruyaq".

COVİD-19 virusunun vaksini tapılmayıb və xəstəlik hələ də dünyada tüğyan edir. İnsanların laqeydliyi, məsuliyyətsizliyi, karantin qaydalarına əməl etməməsi nəticəsində vəziyyət yenidən mənfiyə doğru dəyişə bilər.

Ramil Həsən – millət vəkili: "Xəstələnənlərin sayının azalıb, sağalanların sayının artması insanlarda bir mənəvi arxayınlığa gətirib çıxarmamalıdır. Və yaddan çıxartmamaq lazımdır ki, bu dünyanı ağuşuna almış olan Covid-19 pandemiyası heç də dünyada bitməmişdir. Əgər biz 5 avqusta qədər tətbiq olunan sərt karantin rejiminin yenidən uzadılması ilə bağlı qərarın qəbul edilməsini istəmiriksə, o zaman karantin qaydalarına əməl etsək, sosial məsafəni qorusaq, qapalı məkanlarda mütləq və mütləq maskalardan istifadə etsək, oturduğumuz-durduğumuz yerlərdə məsafələri saxlasaq, əllərimizi tez-tez dezinfeksiya etsək, mən əminəm ki, pandemiyaya qarşı mübarizədə uğurlu nəticələr əldə edəcəyik".

Mütəxəssislər deyir ki, xalq olaraq pandemiyaya qarşı birlikdə mübarizə aparmalı, qayda və qanunlara mütləq riayət etməli, maska taxıb, sosial məsafəni gözləməliyik. Nə qədər səbirli olub bu dövrü təmkinlə başa vursaq, karantin şəraitindən də bir o qədər tez çıxarıq. Sağlam gələcək öz əlimizdədir.

 

Oxşar xəbərlər