Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirus yeganə pandemiya olmayacaq – XƏBƏRDARLIQ

27 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Artıq çəkili vətəndaşların problemi də səhiyyə sistemi üçün yükə çevrilə bilər”

Həkimlər karantin tədbirləri ilə əlaqəli uzun müddət özünü təcrid etməyin bir çox insanın həm zehni, həm də fiziki sağlamlığına mənfi təsir göstərəcəyini bildirirlər. Kopenhagen Universitetinin mütəxəssislərinin “Nature reviews” (Təbiət araşdırmaları) dərgisində dərc olunan məqaləsində qeyd edilir ki, koronavirus infeksiyası və uzun müddət davam edən özünütəcriddən sonra dünya kütləvi piylənmə epidemiyası ilə üzləşə bilər. Bu qənaətə gətirən əsas səbəblər bunlardır: evdə işləyərkən soyuducu və yeməyin əlçatan olması, yoxsul insanların sayının artması, nəzarətsiz yeməklə müşayiət olunan məhdud hərəkətlilik və tənhalıq.

AYNA-ya danışan tibb elmləri namizədi, endokrinoloq, Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının müdiri Vəfa Əliyeva, dünyada və ölkəmizdə daha çox kilolu və obez insanların olacağı fikri ilə razıdır: “Nəticədə bulimiyadan əziyyət çəkənlərin sayı arta bilər. Üç gündə bir dəfə mağazaya alış-verişinə gedənlər, demək olar ki, hər gün ərzaq dalınca yollanırlar. Çünki alınan ərzaqlar hamının bütün gün evdə olması səbəbindən çox tez bitir. İnsanlar şirniyyat və digər çörək məhsullarının qəbulunu olduqca artırıblar. Axşam saatlarında marketlərdə demək olar ki, heç bir xəmir tərkibli qidalar qalmır, hansı ki, əvvəllər həmişə rəflərdə dolu olub. Bir çox dostlarım və karantində olan xəstələr kilo aldılar, amma hələ bu dövrdə kimsənin arıqladığını müşahidə etməmişəm. Əlbəttə, belə hallar da azdır”.

Əliyevanın sözlərinə görə, əvvəllər də bir çox insanlar kifayət qədər hərəkətli həyat tərzi sürmürdü, amma bugünkü vəziyyətə baxanda, demək olar ki, o zaman insanlar daha aktiv idilər: “İndi həqiqətən heç bir yerə getmək mümkün deyil, çoxları adi gündəlik iş ritmindən məhrum olublar. Mart ayından bəri uşaqlar vaxtının böyük bir hissəsini fiziki fəaliyyət olmadan, kompüter qarşısında keçirərək, onlayn təhsil alırlar. Əlbəttə ki, evdə fiziki məşqlər edə bilərsiniz, amma çoxlarının buna gücü çatmır. Qadınlar heç olmasa, ev işləri görərkən müəyyən qədər kalori sərf edirlər. Amma kişilər bütün günlərini divanda oturmaqla keçirdikləri üçün daha çox kilolu olurlar. Heç də hamının evinin yaxınlığında park yoxdur. Bundan əvvəl də insanlar həvəslə fitnesə, hovuza getmirdilər, indi bunu edənlər də çıxılmaz vəziyyətdə qalıblar. Çimərliyə getmək imkanı da yoxdur. Vətəndaşların müəyyən bir faizi səhər və ya axşam qaçır, ancaq heç də hamı bunu sağlamlıq üçün etmir. Bəziləri qaçış zamanı özünə həmsöhbət tapmaq istəyirlər. Bir az qaçırlar və sonra danışmaq üçün dayanırlar. Özünü təcridetmə zamanı ünsiyyət çatışmazlığı özünü gösətrir”.

“Piylənmə təhlükəli xəstəliklər, xüsusən də diabetə meyl yaradır. Qədərindən çox yemək və stres bu xəstəliyə aparan ən qısa yoldur, buna görə pandemiyadan sonra belə xəstələrin daha çox olacağını güman etmək olar. İndi səhiyyə sistemində əsas yük koronavirus pandemiyasıdır və əsas vəzifə bunun öhdəsindən gəlməkdir. Lakin gələcəkdə kilolu vətəndaşların problemi də səhiyyə sistemi üçün yükə çevrilə bilər. Odur ki, indidən profilaktik tədbirlər lazımdır. Sağlam həyat tərzini, ilk növbədə media vasitəsi ilə təbliğ etmək lazımdır ki, insanlar sağlamlıqlarının öz əllərində olmasını başa düşsünlər”, - həkim bildirib.

Respublika Endokrinoloya Mərkəzinin Baş həkimin müavini Babək Saleh isə AYNA-ya açıqlamasında, hələlik ölkədə obez insanların sayının artacağını ehtimal etmək üçün ciddi səbəblərin olmadığını deyib: “Ancaq vəziyyətin necə olacağını yalnız COVID-19 pandemiyası bitdikdən sonra söyləmək olar. Bir çox vətəndaşların evdə oturub səhərdən axşamadək heç nə etmədiklərini söyləmək olmaz. Bəlkə də kimsə 2-5 kq çəki alıb, amma bu, obezlik deyil”.

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev isə hesab edir ki, koronavirus pandemiyasından sonra yalnız “obez pandemiyası” deyil, “boşanma və intihar pandemiyası” da davam edəcək. “Artıq çəki problemi bir neçə aydır evdə olan bir çox vətəndaşımıza təsir göstərsə də, Azərbaycanda bu, Şimali Amerikadakı qədər kəskin olmayacaq”, - o AYNA-ya söyləyib.

Mütəxəssis vətəndaşların həqiqətən karantində daha çox yeməyə başladığını bildirməklə yanaşı, qeyd edib ki, ölkədə çətin iqtisadi vəziyyət səbəbindən yaşanan stress kökəlmələrə əngəl olur: “Bununla yanaşı, qeyd etmək lazımdır ki, karantində olan bir çox azərbaycanlı kişinin “qarın buraxmasının” səbəbi təkcə yeməkdə deyil, qədərindən artıq, həmçinin tez-tez pivə istehlakındadır. Qadınlar daha çox özlərinə baxdıqları üçün onlarda vəziyyət daha qənaətbəxşdir”.

“Yay bağlarına köçənlər fiziki formalarını qorumaq üçün axşamlar qaçırlar. Şəhərdə indi bunu etmək daha problemlidir, amma istək olan yerdə mümkündür. Parklar artıq açılıb, buna görə gündəlik ayrılmış üç saatdan bir qədərini qaçışa və ya sürətli yeriməyə ayırmaq olar. Əlbəttə, üç saat tez-tez alış-veriş etmək, mövcud gündəlik qayğıları həll etmək və sonra gəzmək üçün kifayət deyil. Ancaq heç kimə heç olmasa, evdə sadə fiziki hərəkətlər etməyə mane olmur”, - deyə ekspert vurğulayıb.

Oxşar xəbərlər
OTACI