logo
First slide

Tovuzda Ermənistan silahlı qüvvələri tərəfindən atılmış top mərmisi tapılıb - FOTO

26 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İyulun 20-si saat 09:49-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikasının Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisinə 1 ədəd mərminin düşməsi barədə məlumat daxil olub.

ANAMA-dan Press.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları təhlükəsizlik qaydalarını nəzərə alaraq cari ilin 22 iyul tarixində həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilub. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış və partlamamış 122 mm-lik top mərmisinin (OF-56-1) aşkar olunub. Top mərmisinin partladıcısı (RQM-2) üzərində olduğuna görə cari ilin 23 iyul tarixində yerində zərərsizləşdirilib.

Top mərmisinin ətrafında 50 kv.m əraziyə yerüstü, 5 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 23 iyul 2020-ci il tarixlərində 211 siqnal (əməliyyat çağırışı) əsasında 188 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Sabirabad, Salyan, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilib, 429 ədəd partlamamış hərbi sursat (PHS), 11 ədəd piyada əleyhinə mina, 20 ədəd tank əleyhinə mina və 7 414 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 74 650 kv.m ərazi yerüstü və 11 378 kv.m ərazi yeraltı yoxlanılıb.

Oxşar xəbərlər