logo
First slide

Toğrul Qafarlı Belçikada erməni təcavüzü barədə: “Biz hər cür təxribata hazır idik, amma beləsinə yox”

25 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İyulun 12-dən etibarən işğalçı erməni qüvvələri tərəfindən başladılmış və Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş vermiş hərbi toqquşmalar fonunda erməni diasporu dünyanın bir sıra ölkələrində Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı hüquqazidd, terror xarakterli hücumlar edir.

22 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin inzibati binası önündə  Belçikadakı erməni diasporunun təşviqi ilə radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktları və təxribat təşkil edildi.

Media.Az dövlətimizin maraqlarını dəstəkləmək üçün səfirliyin binasına gələn Belçikada yaşayan azərbaycanlı Toğrul Qafarlı ilə danışa bilib.

“Biz əvvəlcədən bilirdik ki, ermənilər Azərbaycanın Belçikadakı səfirliyi qarşısında aksiya keçirməyə hazırlaşırlar. Buna görə də, Vətənimizin maraqlarını qorumaq üçün diplomatik nümayəndəliyin ərazisində toplaşmaq qərarına gəldik. Mitinqin başlanmasına bir saat qalmış azərbaycanlılar, özü də təkcə Belçikada deyil, qonşu ölkələrdə yaşayanlar, həmçinin diplomatlarımızın ailə üzvləri, qadınlar və uşaqlar səfirlik binasına yaxınlaşmağa başladı”, - deyə, T.Qafarlı bildirib.

Onun sözlərinə görə, azərbaycanlıların sayı o qədər də çox deyildi - təxminən 70 nəfər, hamısı diplomatik nümayəndəliyin ərazisində idi:

“Əfsuslar olsun ki, bəzi soydaşlarımız gecikdilər və polis əməkdaşları onları səfirliyin ərazisinə buraxmadı. Məsələ burasınadır ki, bina zirehli gödəkçələrdə və itlərlə olan polis əməkdaşları tərəfindən mühasirəyə alınmışdı, tank əleyhinə metal sədlər yerləşdirilmişdi. Günorta saat üçdə ermənilər göründü, onlar azərbaycanlılardan bir neçə dəfə çox idi.

Onlar əvvəlcə səfirliyin binasının sol tərəfinə toplaşdılar, çünki polis əməkdaşları qəzəbli izdihamı sakitləşdirməyə çalışaraq, diplomatik nümayəndəliyin qarşısında dayanmışdı. Qeyd etmək istəyirəm ki, biz erməniləri təhqir etməmişik. Azərbaycan bayraqları altında toplanaraq, “Yaşasın dövlətimiz!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycanındır!”, “Xocalıya ədalət”, “Erməni işğalına son” şüarları səsləndirirdik. Bizə cavab olaraq, əvvəlcə yumurta, sonra Ermənistan bayrağı təsvir olunan kiçik qaz balonları kimi bir şey, daha sonra yüzlərlə daş və hətta bir şüşə viski atdılar. Biz hər cür təxribata hazır idik, amma beləsinə yox”, - deyə, T.Qafarlı bildirib.

Onun sözlərinə görə, polis əməkdaşları erməniləri dayandırmağa çalışsalar da, onların sayı polis əməkdaşlarının sayından xeyli çox olub:

“Polis onları dağıtmağa çalışarkən, bizimkilər arasında artıq zərərçəkənlər var idi. Erməni ekstremistlərinin hücumu nəticəsində Azərbaycan diasporunun altı nümayəndəsi, həmçinin REAL TV-nin Avropa bürosunun müxbiri Xatirə Sərdarqızı yaralandı və xəstəxanaya yerləşdirildi, diplomatik missiyanın işçiləri travma aldı, diplomatik nümayəndəliyin inzibati binası zərər gördü”.

Həmyerlimizin sözlərinə görə, erməni tərəfi polisin təzyiqi altında belə geri çəkilmədi; polisin müdaxiləsinə baxmayaraq, daş atmağa davam edirdilər. Sonra əlavə polis dəstəsi çağrıldı, təcili yardım briqadası gəldi.

“Azərbaycanın Belçikadakı səfirliyinin əməkdaşları bizə əllərindən gələn köməyi göstərdilər. Polislə əlaqə saxladılar və bizi səfirliyin binasına buraxdılar. Zərərçəkənlər görünəndə səfirlik əməkdaşları həkim çağırdılar. Təəssüf ki, gecikdikləri üçün polis tərəfindən buraxılmayan soydaşlarımız ermənilər tərəfindən qəddar hücuma məruz qaldılar. Sadəcə evlərinə qayıdan dörd azərbaycanlı da yaralandı. Onlar diplomatik nümayəndəliyimizin ərazisində deyildi.

Ermənilər hər yerdə sülhün tərəfdarı olduqlarını söyləyirlər, ancaq eyni zamanda kütləvi şəkildə dinc azərbaycanlılara hücumlar edirlər. Bütün məlumatları polis əməkdaşlarına verməyə çalışdıq, amma bütün cəhdlər nəticəsiz qaldı”.

O vurğulayıb ki, azərbaycanlılar ermənilərə qarşı heç bir təcavüzkarlıq göstərməyib:

“Diplomatik nümayəndəliyin ərazisində idik, hasarın arxasında, polis bizi bu ərazidən buraxmadı. Erməniləri isə səfirliyin binası yaxınlığına buraxmamağa çalışırdılar. Hazırda Belçika polisi iğtişaşlar törədən erməniləri axtarır, artıq həbs olunanlar da var. Polisə kömək etməyə çalışırıq; foto və videomateriallar təqdim edirik”.

T.Qafarlının sözlərinə görə, bu vəziyyətdə azərbaycanlılar ermənilərin əsl simasını, Azərbaycana qarşı təcavüzkar siyasətini bütün dünyaya göstərmək imkanına malikdirlər.

“Dünyadakı azərbaycanlılar, siyasi baxışlarından asılı olmayaraq, vətənlərinin ərazi bütövlüyünün tərəfdarıdırlar. Biz ədalət tələb edirik!” - deyə, Toğrul Qafarlı sözlərini yekunlaşdırdı.

P.S. Qeyd edək ki, Belçika hüquq-mühafizə orqanları azərbaycanlılara hücum edən 17 erməni təxribatçısını saxlayıb. Bu barədə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin tərəfindən verilən bəyanatda deyilir.

 

Oxşar xəbərlər