Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

6-cı adam...

25 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Elnurun əmisinin 40 mərasimi təzəcə çıxmışdı. Əmisi oğlu Kənan rəhmətlikdən qalan əşyaları qohum-əqrabaya hədiyyə edirdi.

Atası Sırac kişi də sağlığında hədiyyə verməyi sevən idi. Kənan atasından qalan təsbehi, Quran kitabını, gün eynəyiniss, Kislovodsk, Yessentuki sanatoriyalarında olduğu zaman aldığı müxtəlif suvenerləri qohum-əqrabaya payladı. Əmisi oğlu Elnura isə Mirzə Ələkbər Sabirin seçilmiş əsərləri olan sarı üzlü, nəfis tərtibatlı kitbabını hədiyyə etdi. Elnur bu hədiyyədən sevindi. Nəslin ağsaqqalı olan əmisindən yadigar saxlayacağını, nəsildən-nəslə ötürəcəyini düşünüb duyğulandı.

Elnur axşam şam yeməyindən sonra kitabı götürüb vərəqləməyə başladı. Bu vaxt kitabın vərəqləri arasından əl boyda saralmış bir vərəq düşdü. Elnur vərəqi yerdən götürdü, maraqla o üz-bu üzə çevirdi. Əmisinin xəttini tanıdı.

“Voronej şəhəri, Leninski rayonu, Qardaşlıq məzarı, 80 nəfər” sözləri ilə başlayan bu vərəqdə nömrələnmiş şəkildə adam adları yazılmışdı. Amma bu siyahıda 80 nəfərin adı yox idi, cəmi 12 adamın adı yazılmışdı. 6-cı adamın adının yerində düz xətt çəkilib sual işarəsi qoyulmuşdu. Qarşısından isə böyük hərflərlə “MƏN” yazılmışdı. 12 adın içində rus, ləzgi, azərbaycanlı, çeçen adları var idi. Aydın məsələ idi ki, bu müharibədə həlak olanların adları idi.

Bəs, bu 6-cı adam kim idi? Nə üçün əmisi onun adını qeyd etməmişdi? Nə üçün onun yerində “MƏN” yazmışdı. 6-cı adam məsələsi Elnurun fikirlərini alt-üst etmişdi. Bəlkə, bu 6-cı adam əmisinin müharibədə itkin düşmüş atası, Elnurun babası idi?

Elnur səhərə kimi bu cavabsız sualların, fikirlərin burulğanında yata bilmədi. Səhər açılan kimi əmisi oğlu ilə görüşüb saralmış vərəqi ona göstərdi. Suallarina cavab axtardı, amma əmisi oglu da bu müəmmalı siyahıya baxıb bir xeyli təəccübləndi. Nəhayət, Elnur qərara gəldi ki, Voronejdə Azərbaycan diasporasının sədrini tapsın, həmin rayondakı qardaşlıq məzarında dəfn olunanların siyahısını əldə etsin.

Bunu etmək çətin olmadı. Rusiyadakı həmyerlilərin sayəsində tez bir zamanda Şəkili balası olan diaspora sədri Vidadi müəllimlə əlaqə qurdu. Vidadi müəllim söz verdi ki, sabah o rayona gedib, qardaşlıq məzarını tapacaq, barelyefdə yazılan döyüşçülərin siyahısının şəklini çəkib vatsaapla ona göndərəcək. Vidadi müəllim dediyi kimi də etdi. Şəkildə 6-cı adamın adı görünürdü.

Əhmədov Tərlan Cəmil oğlu- 1906 təvəllüd.

Bəli, bu Elnurun babası idi. Təvəllüd eyni, ad eyni, soyad eyni. Sadəcə babası Cəlil oğlu idi, burda isə Cəmil oğlu yazılmışdı. Elnur indi başa düşdü ki, əmisi nə üçün sual işarəsi qoyub, “MƏN” yazmışdı.

Elnur bu adamın həqiqətən babası olmasını araşdırmaq üçün Voronejə getməyə qərar verdi. Onu narahat edən ikinci məqam bu idi ki, nə üçün əmisi heç kimə atasının məzarını tapdığını deməmişdi? Ən azından nə az, nə çox, düz 50 il ərinin yolunu gözləyən anasına bu xəbəri deməli idi. Yazıq arvad tək başına üç körpə uşaq böyüdüb boya-başa çatdırmışdı. Nəvə-nəticə sahibi olmuşdu. 80 yaşında dünyasını dəyişəndə də son nəfəsində 50 il yolunu gözlədiyi ərini haylamışdı.

Elnur nənəsini xatırlayıb kövrəldi və müəmmalı məsələlərə aydınlıq gətirmək üçün getmək qərarını qətiləşdirdi.

Elnuru Voronejdə Vidadi müəllim qarşıladı, “Oryol” adlı oteldə yerləşdirdi. Dedi ki, sabah bir yerdə həm qardaşlıq məzarına gedərik, həm də hərbi çağırış məntəqəsinin arxivinə baş vurarıq. Elnur minnətdarlığını bildirdi.

Acmışdı, nahar edib istirahət etmək istədi. Boş masalardan birinin arxasına keçib sifariş etdi. Təamları süfrəyə daşıyan 30-33 yaşlı suyuşirin rus qızının gözaltı onu süzməsi nəzərindən yayınmadı,hətta xoşhallandı da.

Elnur yarızarafat-yarıgerçək qıza:

- Çörəyi bol et, biz azərbaycanlılar çox çörək yeyənik-dedi.

Qızın da cavabı gecikmədi.

-Baş üstə. Bol edərəm. İstəsəniz şam yeməyinizi otağınıza gətirərəm. Əgər doymasanız məni də yeyə bilərsiniz. Mən də çörək qədər dadlıyam.

Elnur qızın zarafatına gülümsədi. Zarafatın altında ehtiraslı rus qızının niyyətini də gözəl başa düşdü.

-Adın nədir, sənin?

-Nadejda. Nadejda Vasilevna. Siz sadəcə Nadya deyə bilərsiz.

-Nadya, axşam 9-da şam yeməyini otağa gətir. Çörəyi az gətirsən səni yeyəcəyəm ha.

Nadya gülümsənərək: -Ac qonağı doydurmaqdan gözəl nə ola bilər ki? Nadyanın sözünə hər ikisi ucadan güldü.

Nadya sözünə sadiq çıxdı. Şam yeməyinə özünü də qatıb, Elnuru bəs deyincə doydurdu.

Səhər Elnur Vidadi müəllimlə Hərbi arxivə getdi. Burda hər şey məlum oldu. Barelyefi işləyən xəttab texniki səhvə yol veribmiş. 6-cı adam həqiqətən də Elnurun babası olub. Bu məlumat Elnuru narahat edən sualların bir qismi idi. Onu narahat edən başqa bir sualın cavabını da tapmalı idi.

“əmim niyə babamızın qəbrini tapdığını heç kimə deməyib? Axı, o anasını çox istəyirdi. Ona niyə deməyib?”

Elnur bu fikirlə qardaşlıq məzarına getdi. Elnura elə gəldi ki, babası onu görür. Bu dəqiqə məzardan qalxıb başına gələn hadisələri, necə həlak olduğunu danışacaq. Qəmli və düşüncəli halda ətrafa göz gəzdirdi. Məzarlığın qarşısındakı kiçik bağa qulluq edən qocanı gördü. Yaxınlaşıb qocanı söhbətə tutdu. Məlum oldu ki, burda dəfn olunanların çoxu rayondakı qospitalda ağır yaralı olanlar olub. Məzarlığı qospitala yaxın yerdə salıblar.

Dünyasını dəyişən olduqca bir-bir gətirib burda dəfn ediblər. Elə olub ki, günə 10-15 adam dünyasını dəyişib. Burda dəfn olunanların isə hamısını tanıyan bircə nəfər var. O vaxt qospitalda 16 yaşda sanitarka olan Vera qarı sağdı. Bu rayonda yaşayır. Burda dəfn olunanların çoxuna qospitalda O özü şəxsən qulluq edib. Qoca bağban dedi ki, Vera əvvələr bura tez-tez gələrdi. İndi səhhəti imkan vermir. Ancaq 9 mayda mütləq bura gəlir, əlləri əsə-əsə gül-çiçək düzür.

Elnur soraşıq edərək 90 yaşlı Veranı tapdı. Barelyefdəki 6-cı adamın nəvəsi olduğunu söylədi, bura niyə gəldiyindən ətraflı bəhs etdi.

Vera qırıq-qırıq səsi ilə 6-cı adam barədə danışmağa başladı. Tez-tez quru öskürək sözünü yarımçıq kəsirdi. Elnur qarının bu halına səbrisizləşsə də diqqətlə qulaq asırdı. Vera qarı isə tələsmədən asta-asta danışırdı:

-Hə, Əhmədov Tərlanı yaxşı tanıyırdım. Düz ona 4 ay qulluq etdim. Ayağının birini kəsmişdilər. Sonradan qanqrena verdi, ondan getdi. Bizdə qospitalda olan müddətdə Svetlana adlı tibb bacısı ilə sevgili oldu.

Əhmədov yaraşıqlı kişi idi. Əhmədov öləndə Svetlana ondan hamilə di. Həmin Svetlananın da Əhmədovdan olan qəşəng bir qızı oldu. Sizlərdən kimsə gəlib Svetlananı tapmışdı. Amma hiss olunurdu ki, Svetlana ilə babanızın sevgili olması Azərbaycandan gələn qohumunuzun xoşuna gəlməmişdi. Svetlana mənim yaxın rəfiqəm idi. Svetlana da, qızı da vəfat ediblər. Amma Svetlananın nəvəsi şəhərdəki “Oryol” otelində ofisant işləyir. Adı Nadejdadır. Nadejda Vasilevna.

Elnur eşitdiklərindən heyrətə gəlmişdi. Nadejdanın suyu şirin simasını xatırladı.

Həm də anladı ki, əmisi 50 il yol gözləyən anasının qəlbini qırmamaq üçün 6-cı adamı sirr kimi saxlamışdı. Əmisinin açmadığı sirri açmaq üçün bu şəhərə gəldiyinə görə özünü qınayırdı.

Elnur özünü nənəsinin də, əmisinin də ruhu qarşısında günahkar bilirdi.

Vera qarının yanından aralanıb gedərkən bir sual ətrafında düşünürdü. Vətənə qayıdanda 6-cı adam barəsindəki həqiqətləri danışsınmı, yoxsa əmisi kimi bu sirri qorusun?...

Müəllif: Elyar Bağırov.

Oxşar xəbərlər
OTACI