“Virusdan qorunmaq üçün aparıcı faktor qoruyucu vasitələrin istifadə olunması və sosial məsafənin gözlənilməsidir. Dünənki izdihamda minlərlə insan var idi, onların əksəriyyəti qoruyucu vasitələrdən istifadə etməmişdi, maska taxmamışdı, təbii ki, orda 2 m sosial məsafədən söhbət gedə bilməzdi, böyük sıxlıq yaranmışdı”.
Bu sözləri açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nəriman Ordumuza dəstək məqsədilə keçirilən nümayişdə karantin tədbirlərinin pozulması haqqında danışarkən deyib. Həkim bildirib ki, fərdi qoruyucu vasitələrin istifadə edilməməsi, həm də sosial məsafənin itməsi yaxın gələcəkdə - bir-iki həftə müddətində COVID-19 xəstələrinin sayında sürətli artıma səbəb olacaq.
“Aksiyaya çıxanlar arasında koronavirus daşıyıcılarının, o cümlədən asimptomatiklərin olması istisna edilmir. Təbiidir ki, bu zaman ətrafdakıları da yoluxdururlar. Yoluxmuş insanlar isə ailə üzvlərinin xəstələnməsinə bilavasitə səbəb olur. Protokollarda da qeyd olunub ki, bir COVID-19 xəstəsi 4 nəfəri yoluxdura bilir.
Yürüş iştirakçılarının sayını və onların 4 dəfə artdığını nəzərə alın. Görün bu nə qədər böyük rəqəmlər deməkdir. Odur ki, yaxın 1 həftə və ya 10 gün müddətində Bakı şəhərində koronavirus xəstələrinin sayında ciddi şəkildə artım olacaq”.