logo
First slide

Azərbaycan Prezidenti: Ermənistan özü-özünü çox pis vəziyyətə qoydu

06 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan özü-özünü çox pis vəziyyətə qoydu.

Press.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalı ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsi zamanı deyib.

Dövlət başçısı bildirib:

"BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünüzün əleyhinə səs verən yeganə ölkə Ermənistan idi. Hesab edirəm ki, bunun əsas səbəbi Ermənistanda hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Ancaq Ermənistan özü-özünü çox pis vəziyyətə qoydu. Siz qeyd etdiyiniz kimi, özünü dünyadan təcrid etdi. Çünki bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur. Çünki biz bu təşəbbüsü irəli sürəndə bir məqsədi güdürdük ki, artıq dünya miqyasında səylərimizi birləşdirək. Bu təşəbbüslə əlaqədar bizim konkret təkliflərimiz də olacaqdır. Çünki türk dünyasında biz bunu keçirdik, 120 ölkəni əhatə edən Qoşulmama Hərəkatı çərçivəsində keçirdik. İndi biz dünya miqyasında bunu keçirmək istəyirik ki, burada vahid bir yanaşma tətbiq olunsun, ölkələr özlərinə qapanmasın, inkişaf etmiş ölkələr ağır vəziyyətdə olan ölkələrə kömək göstərsinlər. Biz bunu görmürük. İndi biz görürük kim kimə kömək göstərir. Peyvənd icad olunandan sonra bu peyvəndi pulla ala bilməyən ölkələrə bu, pulsuz verilsin. Burada donor təşkilatlar, iri biznes qurumları öz sözünü desin. Yəni, biz bu təklifləri buna görə, həm də həmrəyliyi nümayiş etdirmək üçün veririk. Hələ bilinmir ki, peyvənd icad olunandan sonra nələr baş verəcək? İndi dərmanlar, cihazlar uğrunda mübarizə gedir. Biz özümüz bu vəziyyətlə üzləşmişdik. Biz sifariş edilmiş və pulla alınmış bəzi cihazları ölkəmizə gətirə bilməmişik. Çünki imkan vermədilər. Ona görə peyvənd icad ediləndən sonra hansı vəziyyət olacaq? Bunu heç kim bilmir. Birincisi, bu peyvənd nə dərəcədə səmərəli olacaq? İndi testdən keçir. Sonra kasıb ölkələrin ona əli çatacaq, yoxsa yox? O, pullamı satılacaq, yaxud da ki, Ümumdünya Səhiyyə Təşkilatı onu paylayacaq? Yoxsa ki, zəngin ölkələr bundan istifadə edib öz əhalisinin canını qurtaracaq, amma kasıb ölkələrdəki insanlar öləcək? Bu, dözülməzdir. Bütün bu məsələlər vahid bir yanaşma tələb edir. Hətta ölkələr BMT Baş Assambleyasında vahid bir fikrə gəlməsələr belə, biz bu məsələni qaldırmalıyıq. Biz dünya birliyinin məsuliyyətli ölkəsi kimi bu məsələni qaldırırıq. Ona görə Ermənistanın bu addımı qətiyyən başadüşülən deyil.

Bildiyiniz kimi, bu təşəbbüsün reallaşması üçün bizə 97 səs lazım idi. Biz isə 130-dan çox ölkənin səsini qazandıq. Hesab edirəm ki, burada iki əsas amil öz rolunu göstərdi - bu mövzunun aktuallığı və beynəlxalq müstəvidə Azərbaycana olan dəstək və rəğbət. Biz bu rəğbəti uzun illər ardıcıl fəaliyyət hesabına, prinsipial, müstəqil siyasətimiz sayəsində qazanmışıq".

Oxşar xəbərlər