logo
First slide

Bu ölkədə COVID-19 pandemiyası ilə bağlı vəziyyət gərginləşir

06 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Boliviyada COVID-19 ilə bağlı vəziyyət get-gedə gərginləşir: insanların küçələrdə ölməsi, hər gün baş verən sosial etirazlar və ölkənin müvəqqəti hökumətinin üzvlərinin koronavirusa yoluxması faktları ciddi narahatlıq doğurur.

Press.az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin iri şəhərlərindən biri olan Koçabambada küçənin ortasında koronavirusdan ölmüş şəxsin cəsədi demək olar ki, bir gün orada qalıb. Bu, səhiyyə sisteminin iflasa uğramasına, koronavirusdan ölən insanların dəfni ilə bağlı problemlərin kəskinləşməsinə əyani sübutdur.

Əhalisinin sayı 600.000-dən bir qədər çox olan Koçabamba şəhəri Boliviyada bu problemin kəskinləşməsini əks etdirir: ailələrin çoxu vəfat etmiş yaxınlarını dəfn etmək və ya yandırmaq üçün günlərlə öz evlərində tabut yanında gözləyirlər.

Koçabambada və bəzi başqa şəhərlərdə, məsələn, Santa-Krusda sürətlə qəbirlər qazılır, ölüm hallarının sayı artmaqda davam edir. Tibb mərkəzlərində yerlərin çatışmaması səbəbindən koronaviruslu xəstələri qəbul etməyə imkan yoxdur. Bununla əlaqədar keçirilən küçə nümayişləri sosial şəbəkələrdə geniş işıqlandırılır. Etiraz nümayişlərinin iştirakçıları bələdiyyə, regional və milli hakimiyyət orqanlarını siyasi çəkişmələri unutmağa və əhalinin problemlərini həll etməyə çağırırlar.

Boliviyanın müvəqqəti hökumətinin üzvləri də infeksiyalardan sığortalanmayıblar. Səhiyyə naziri Eydi Roki də daxil olmaqla, hökumətin üç üzvü COVID-19-a yoluxub.

Səhiyyə Nazirliyinin son məlumatına görə, Boliviyada koronavirusa yoluxma ilə bağlı 39.297 hadisə və 1.434 ölüm faktı qeydə alınıb. Nazirlik bildirir ki, son bir neçə gündə yoluxmaların gündəlik sayı mindən çoxdur.

ABŞ-dakı Cons Hopkins Universitetinin məlumatına görə, əhalisinin sayı 11 milyondan çox olan Boliviya dünyada pandemiyadan ən çox zərər çəkmiş ölkələrin ilk onluğuna daxildir. Burada təsdiqlənmiş yoluxmaların ümumi sayına nisbətən ölüm hallarının sayı da çox yüksəkdir.

Hakimiyyət orqanları xəbərdarlıq edir ki, infeksiyaların sayı artmaqda davam edəcək. Onun pik səviyyəsi sentyabrın əvvəlində gözlənilir. Boliviyada pandemiya "partlayış" həddinə çata bilər.

Oxşar xəbərlər