Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan Prezidenti: Avropa İttifaqının Şərq-Qərb nəqliyyat dəhlizinə marağı artmaqdadır

02 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropa İttifaqının Şərq-Qərb nəqliyyat dəhlizinə marağı artmaqdadır.

Press.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə keçirilən videokonfrans zamanı deyib.

Dövlət başçısı bildirib:

"Biz Şərq-Qərb nəqliyyat dəhlizinin imkanlarının daha da artırılması üçün səylərimizi davam etdirməliyik. Yükdaşımaların optimallaşdırılması üçün tariflərin unifikasiyasının həyata keçirilməsi vacibdir. Bugünkü görüşümüzün nəticələrinin və gələcək addımların müzakirəsi üçün ölkələrimizin nəqliyyat strukturlarının işçi görüşünün keçirilməsini təklif edirəm.

Avropa İttifaqının Şərq-Qərb nəqliyyat dəhlizinə marağı artmaqdadır. 2019-cu ilin iyul ayında Azərbaycana səfər etmiş Avropa İttifaqı Şurasının prezidenti cənab Donald Tusk Ələt Beynəlxalq Dəniz Ticarət Limanına getmiş və limanın imkanları ilə yerində tanış olmuşdur. Artıq bir neçə Avropa ölkəsi bu dəhlizə qoşulmuşdur. Digər tərəfdaş dövlətlər də dəhliz vasitəsilə yükdaşımalara böyük maraq göstərirlər.

Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə keçirilmiş zirvə görüşündə Afrika İttifaqının və Avropa İttifaqının rəhbər şəxsləri iştirak etmişlər. Qoşulmama Hərəkatının tədbirində Avropa İttifaqının ilk dəfə iştirakı tarixi hadisə idi. Azərbaycan bu iki təsisat arasında əlaqələrin inkişafı istiqamətində öz səylərini davam etdirəcəkdir.

Avropa və Asiya ölkələri Şərq-Qərb nəqliyyat dəhlizinin iştirakçılarıdır. Hesab edirəm ki, bugünkü görüşün mövzusu olan nəqliyyat-logistika mövzusu Avropa İttifaqı ilə Qoşulmama Hərəkatı arasında praktiki əməkdaşlıq üçün ilk addım ola bilər.

Azərbaycanın xarici siyasətində ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli əməkdaşlıq konsepsiyası da mühüm yer tutur. İnanıram ki, bugünkü üçtərəfli görüşümüzün nəticələri uğurlu olacaq, regional əməkdaşlığa və iqtisadi inkişafa töhfə verəcəkdir. Bir daha bu təşəbbüsə görə minnətdarlığımı bildirirəm. Bu, çox mühüm və vaxtında keçirilən bir tədbirdir. Sizin təkliflərinizi nəzərə alaraq mən birgə hökumət işçi qrupunun yaradılmasını təklif etmək istərdim. Çünki bu gün bizim müzakirə etdiklərimiz yalnız nəqliyyat sahəsi ilə bağlı deyil. Biz investisiya, ticarətlə bağlı müzakirələr apardıq, telekommunikasiya barədə məsələləri müzakirə etdik. Bütün bu məsələlər çox mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, biz aidiyyəti hökumət üzvlərinə göstərişlər verə bilərik ki, hər tərəfdən bir işçi qrup yaradılsın və bizim müzakirə etdiyimiz bütün məsələləri - enerji təhlükəsizliyi, neft, neft məhsulları və qaz təchizatı məsələlərini, tariflərin unifikasiyasını, gömrük qaydalarını, investisiya imkanları ilə bağlı yeni ideyalarımızı əhatə etsin. Beləliklə, biz hazırıq. Türkmənbaşı ilə Siyəzən arasında fiberoptik kabel xətti ilə bağlı məsələlər - bu, sonradan Avropaya qədər və Əfqanıstan vasitəsilə sizin qonşularınıza qədər genişləndirilə bilər. Düşünürəm ki, biz təkliflərə nəzər sala və onları təsdiqləyə bilərik, bütün lazımi göstərişləri verərik və bu prosesi irəliyə apararıq".

Oxşar xəbərlər
OTACI