Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirusu simptomsuz keçirməyi necə müəyyənləşdirmək olar? - AÇIQLAMA

02 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev Azərbaycanda əhalinin 70 faizinin koronavirus xəstəliyini simptomsuz keçirməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Bununla bağlı açıqlama verən azərbaycanlı alim bildirib ki, simptomsuz xəstələri müəyyənləşdirmək üçün bir neçə fərqli strategiya var:

“Məsələn, inkişaf etmiş hər bir ölkənin və elmi institutların özünəməxsus modeli var. Məhz əhalinin neçə faizinin koronavirus xəstəliyini simptomsuz keçirməsinin də ilkin ehtimalı bu model və buna əlavə olaraq böyük sorğu əsasında tapıla bilər. Amma bununla yanaşı, əgər belə bir rəsmi məlumat verilirsə, bu, elmi olaraq dəqiq statistik əsaslara söykənməlidir: rəqəmlər nəyə əsasən hesablanıb və doğruluğu neçə faizdir. Bu suala cavab tapılmalıdır.

Mütləqdir ki, belə vacib məlumatlar ictimaiyyətə açıqlanan zaman həmin əsaslar da təqdim olunmalıdır. Hər kəs bilir ki, simptomsuz xəstələrin böyük qismi rəsmi qeydiyyata düşməyənlərdir və bunları tapmaq üsullarından biri seroloji müayinədir ki, bunun da tətbiqinə Azərbaycanda yeni başlanılır.

Daha bir nəzərə alınmalı məqam odur ki, simptomsuz xəstələrin sayını təkcə testlərə əsasən bildirmək düzgün deyil. Bu mərhələdə daha önəmli olan presimptomatik xəstələri, yəni hələ simptomlar başlamamışdan öncəki xəstələri əsl simptomsuz xəstələrdən ayırmaqdır. Bunu da müəyyənləşdirmək hələ ki, çətin proseslərdən biridir”.

Tibb elmləri doktoru daha sonra vurğulayıb ki, Azərbaycanda əhalinin 70 faizinin koronavirus xəstəliyini simptomsuz keçirməsini elmi izahsız iddia etmək insanlar arasında inamsızlığı artıra bilər:

“Çünki bəziləri özlərini həmin 70 faizə daxil edib arxayınlaşacaq. Ona görə də hesab edirəm ki, bütün dünyanı cənginə alan virusun tüğyan etdiyi bir dövrdə bu kimi açıqlamalarla insanları çaşdırmaq düzgün deyil.

Virusla mübarizədə çox vacib amil olan simptomsuz xəstələr mövzusuna daha ətraflı elmi açıqlama vermək, onu daha dərindən öyrənmək və bununla bağlı xalqa mövcud vəziyyəti real əks etdirən açıqlamalar vermək xalqda inamı artırar”.

Oxu.az

Oxşar xəbərlər
OTACI