logo
First slide

Kirayə mənzillərə sahib olmaq istəyənlərin nəzərinə!

02 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə mənzillərin rəsmiləşdirilməsi və təhvil prosesini davam etdirir.

Press.az xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, ötən dövr ərzində Fondun razılıq barədə qərarını əldə edən 299 vətəndaş mənzil seçimini edib və onlardan 213-ü ilə satmaq öhdəliyi ilə kirayə müqaviləsinin rəsmiləşdirilməsi başa çatıb.

Təhvil verilən mənzillər istisna olmaqla, hazırda kirayə mexanizmi üzrə mənzil fondunda 437 mənzil var.

"Bir daha bildiririk ki, Fond tərəfindən satmaq öhdəliyi ilə kirayə təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə yaxın komplekslərdən ibarətdir.

Komplekslərdə yerləşən bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir olunaraq kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda vətəndaşlar Fond tərəfindən satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər", - deyə qurumdan bildirilib.

Oxşar xəbərlər