logo
First slide

COVID-19-dan sağalan şəxs: "Hiss edirəm ki, virusun ağciyərlərimdə fəsadları qalıb" - MÜSAHİBƏ

30 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Koronavirus sağlamlığımı, vaxtımı əlimdən aldı, psixologiyama mənfi təsir göstərdi...Sağalsam da belə, hiss edirəm ki, virusun ağciyərlərimdə fəsadları qalıb" - Bu fikirlər koronavirusdan sağalan 49 yaşlı A.M. məxsusdur. O, koronavirusa necə yoluxub sağalması ilə bağlı bəzi məqamlara toxunub. 

Press.az xəbər verir ki, ad və soyadının məxfi saxlanılmasını istəyən həmin şəxsin "Report"a müsahibəsini təqdim edirik:

- Necə oldu ki, koronavirusa yoluxduğunuzu hiss etdiniz?

- Dəqiq harada yoluxduğumu bilmirəm. Bu infeksiya mənə ictimai nəqliyyatda da, mağazada da, işdə də keçə bilər. Amma daha çox işdə yoluxduğumu ehtimal edirəm. Çünki bir gün fərqlə iş yoldaşlarımdan birində də koronavirus aşkarlanmışdı. İş yerində də həmin şəxslə yanaşı otururduq.

Yoluxduğumu hiss etdiyim gün şiddətli üşütmə ilə üzləşdim. Üşütmə o həddə çatmışdı ki, dişlərim dişimə dəyirdi. Daha sonra temperaturum yüksəldi və bununla da iştahsızlıq, ürəkbulanma və ishal əlamətləri yarandı.

- Həmin günü test verdinizmi?

- Yox, həmin gün test vermədim. Doğrusu, özümü ev şəraitində müalicə etməyə başladım. Ailə həkimimizlə tez-tez əlaqə saxlayıb məsləhətlərini alırdım. Düşünürdüm ki, adi bir xəstəlik kimi keçəcək. Amma əlamətlər davam etdiyi üçün artıq yoluxduğumu hiss edirdim. Bundan əlavə, ailə üzvlərimin də yoluxma təhlükəsi məni ciddi narahat edirdi. Buna görə də ailə üzvlərimlə - həyat yoldaşım və övladlarımla birlikdə iki gün sonra test verdim. Bizim ailəlikcə eyni gündə, bir neçə dəqiqə fərqi ilə test verməyimizə baxmayaraq, analizlərin cavabı hərəmizə ayrı-ayrı saatlarda gəldi. Buna görə də əvvəlcə həyat yoldaşımla məni aparmağa çalışsalar da, buna razı olmadım. Çünki bizi aparsaydılar, övladlarıma kim baxacaqdı? Bəs onların da test analizlərinin cavabı pozitiv çıxandan sonra hara aparacaqdılar? Ona görə də uşaqların da test analizlərinin nəticəsini gözlədik və təəssüflər olsun ki, bizim hamımızda koronavirus testinin nəticəsi pozitiv çıxdı. Bundan sonra təcili tibbi yardım əməkdaşları bizi gəlib apardılar.

- Özünüzdə koronavirusun simptomlarını hiss edəndən test verənə qədər digər insanlarla təmasda oldunuzmu, yoxsa özünüzü evdə izoliyasiyaya cəlb etdiniz?

- Təəssüflər olsun ki, həmin müddət ərzində bilməyərəkdən digər qohumlarımla təmasda olmuşdum. Buna görə də mən anamı, ailə üzvləri ilə birlikdə bacı və qardaşımı da yoluxdurmuşdum. Təsəvvür edin ki, mən artıq bu dəfə təkcə öz ailəmi deyil, anamı, bacı və qardaşımın da ailə üzvlərini düşünürdüm. Bütün bunlar hamısı koronavirusun özündən də çətindir.

- Təcili tibbi yardım əməkdaşlarınının sizi apardığını dediniz. Birbaşa xəstəxanaya apardılar, yoxsa karantinə cəlb olundunuz?

- Bizim hamımızı Atletlər kəndinə apardılar. Çox təəssüflər olsun ki, orada da vəziyyət heç də ürək açan deyildi. Çünki orada müalicə həyata keçirilmir, sadəcə karantinə yerləşdirilir. Atletlər kəndində 11 gün qaldıq və həmin müddət ərzində iki dəfə test verdik və cavablar neqativ olduqdan sonra evə buraxıldıq.

- Sağalandan sonra sağlamlığınızda hansısa dəyişiklikləri hiss edirsinizmi?

- Bəli, səhhətimdə problemlər hiss edirəm. İlk olaraq, nəfəs almaqda çətinliklə üzləşirəm. Koronavirusa yoluxmağımdan 40 günə yaxın bir vaxt keçsə də, onun fəsadları qalıb. Sağalmağıma baxmayaraq, cüzi də olsa, təngənəfəslik və halsızlıq davam edir. Bunlar da tədricən aradan gedəcək. Çünki virus ağciyərlərə öz təsirini göstərib. Bundan əlavə, virus psixologiyaya çox böyük mənfi təsir göstərir. Adam istər-istəməz əsəbi olur.

- Səmimi olaraq, sizdən bu sualıma cavab istəyirdim ki, yoluxmamışdan öncə koronavirusun mövcudluğuna inanırdınızmı?

- Koronavirusun varlığına ilk günlərdən inananlardan olmuşam. Buna görə də çalışdığım qədər qaydalara riayət etdiyim üçün yoluxmağımı gözləmirdim. Çünki inanırdım deyə, maskasız, əlcəksiz ictimai nəqliyyata minmirdim. Demək olar ki, bütün qaydalara riayət edirdim.

- Karantində olduğunuz müddətdə vəziyyəti ağırlaşan xəstə gördünüzmü?

- Karantində hər kəs izoliyasiya olumuş şəkildə yaşayır. Amma bir gün eşitdim ki, vəziyyəti qəfildən ağırlaşan birini təcili yardım maşını ilə xüsusi rejimli xəstəxanaya aparıblar.

- Koronavirusa inanmayanlara tövsiyəniz varmı?

- Bütün insanlara demək istəyirəm ki, bu virus zarafat deyil. Ən yaxın tanışlarımızdan biri bu virusun qurbanı olub. Bundan əlavə tanıdığım nə qədər adam var ki, hazırda xəstəxanalarda virusla mübarizə aparır. Koronavirus ona inanmayan hər kəsi bir gün mütləq inandıracaq. Sadəcə bundan öncə özümüz inanmalı və qaydalara əməl etməliyik. 

Oxşar xəbərlər