logo
First slide

Qədim, amma unudulmayan kirkirə - REPORTAJ - VİDEO - FOTO

29 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hazırda müasir texnikalardan, su və elektriklə işləyən dəyirmanlardan geniş istifadə olunsa da, əl dəyirmanlarına da tələbat var. Belə məişət əşyalarından biri "kirkirə" adlanır. Onun vasitəsilə buğdanı, qarğıdalını üyüdüb un halına salmaq olur. Əl dəyirmanı kimi də tanınan kirkirənin bəlkə də min il yaşı var.

Press.az AZƏRTAC-a istinadən bildirir ki, Tovuz şəhərində Həsənovlar ailəsi uzun illərdir dəyirmandan yox, məhz kirkirədən çıxan undan istifadə edir. Hətta kirkirədən qohum-qonşular da yararlanırlar.

Kirkirə ikihissəli dairəvi, bərk, xüsusi ağır daşlardan ibarətdir. Əl ilə dairəvi hərəkət etdirilən bu iki daşın arasına tökülən buğdanı, qarğıdalını, hətta duzu belə asanlıqla əzmək olur.

Həsənovlar ailəsinin ağbirçəyi Rəna nənənin kirkirəsi ona anasından yadigar qalıb.

Kirkirə işlədilərkən qol gücündən istifadə olunur. Bir saat ərzində təxminən 1 kiloqramdan çox un əldə etmək olur.

"Bu kirkirə 120 ildən çoxdur istifadə olunur. Bu, mənim nənəmin olub. Sonra anam işlədib. Anam da bu kirkirəni mənə hədiyyə verib. Ona görə mənim üçün çox dəyərlidir. Həm də bundan istifadə etmək faydalıdır. Unundan yaxşı xaşıl, xəngəl olur. Çörəyimizi də bu undan bişiririk", - deyə Rəna Həsənova bildirir.

Buğdanın necə üyüdülməsi haqqında məlumat verən Rəna nənə deyir ki, əvvəlcə buğda yaxşı qurudulmalıdır. Kirkirədə əzilərkən ilkin mərhələdə yarma halına salınır, sonra narın, daha sonra isə un halına düşür. Beləliklə, buğdadan un alınması üç mərhələdən keçir. Dənin yaxşı üyüdülməsi üçün də daşlar vaxtaşırı təmizlənməlidir. Bu daşlarda üyüdülən undan bişirilən çörəyin, xüsusilə də yuxanın gözəl qoxusu olmaqla yanaşı, həm də xeyli yumşaq qalır, gec xarab olur.

Rəna nənə 120 ildən çox yaşı olan bu kirkirəni cehiz kimi qız nəvələrindən birinə verəcəyini deyir.

 

Oxşar xəbərlər