Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vərəm, poliomelit və qızılca vaksinləri COVID-ə qarşı istifadə oluna bilər

28 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bütün dünya COVID-19-a qarşı vaksini gözlədiyi bir vaxt alimlər başqa xəstəliklər üçün istifadə olunan peyvəndlərin koronavirusun səbəb olduğu xəstəliyin ən pis təsirlərinə qarşı qoruya bilib-bilmədiklərini yoxlayırlar.

Tərkibində canlı, amma zəiflədilmiş orqanizmlərin olduğu vaksinlər, o cümlədən vərəm, poliomelit və qızılcaya qarşı vaksinlər immun sistemini gücləndirə bilər ki, bu da koronavirusa qarşı mübarizəyə yardım edə bilər.

Onlar koronavirusa qarşı hazırlanan vaksinlər qədər faydalı olmasa da, araşdırma nəticələri göstərir ki, bu peyvəndlər nəzərdə tutulan xəstəliklərdən başqa xəstəliklərin də qarşısını alır.

Bundan əlavə bu peyvəndlərin təhlükəsizliyi artıq onillər öncə sübut olunub.

"Biz bu peyvəndlərdən dərhal istifadə edə bilərik," Texas A&M Universitetindən Ceffri Kirillo deyib.

O qeyd edib ki, istehsal müəssisələri artıq işləyir və hər gün yüz milyonlarla doza istehsal edir.

Vaksinin bonusu

Kirillo və həmkarları BCG adlı vaksinin səhiyyə işçiləri və təcili tibbi yardım işçilərini COVID-19-a qarşı qoruyub-qorumadığını test edirlər.

Dünya boyu hər il 100 milyondan çox uşağa vərəm əleyhinə bu vaksin vurulur.

Vaksin 20-ci əsrin əvvələrində istifadəyə veriləndə tədqiqatçılar körpə ölümündə kəskin azalma müşahidə ediblər. Bəzi yerlərdə ölüm halları 50 faiz azalıb və bu azalma təkcə vərəmin səbəb olduğu ölüm hallarına aid olmayıb. Bundan əlavə başqa, xüsusilə də tənəffüs xəstəliklərinin səbəb olduğu ölüm hallarında da azalma müşahidə olunub.

"Son yüz ildə dərc olunan bütün araşdırmalar göstərir ki, BCG insanları bir sıra yoluxucu infeksiyalara və başqa bakterial infeksiyalara qarşı qoruya bilir," Kirillo deyib.

Başqa alimlər isə poliomelit və qızılcaya qarşı vurulan canlı vaksinlərin də bənzər faydalarının olduğunu deyir. Bir araşdırmanın nəticələri göstərir ki, qızılca vaksini istifadə olunmağa başlayandan sonra uşaqlar arasında ölüm halları 30 faiz azalıb. Bu uşaqların isə yalnız 4 faizi qızılca səbəbilə dünyasını dəyişib.

İki-qollu müdafiə

Canlı vaksinlər bədənin qoruma sisteminin bir qolu ilə işləyir.

İmmun sistemi iki hissədən ibarətdir. Adaptiv immunitet adlanan bir hissə spesifik mikrobları hədəf alan anticismlər istehsal edir. Bu anticismlər bir çox infeksiyalar qarşı güclü, dəqiq və uzunmüddətli müdafiə ilə təmin edir.

Anticismləri inkişaf etdirmək bir həftə vaxt aparır. Bu arada isə ikinci qol olan anadangəlmə immunitet bədənin "təcili tibbi yardım işçiləri" kimi fəaliyyət göstərir. Anadangəlmə immun sistemi sürətli şəkildə mikroblara, zədələnmiş toxumalara və tozcuqlara hücum edir.

Canlı vaksinlər anadangəlmə immun sisteminə hüceyrələrinin infeksiyalara cavabını yaxşılaşdırmağı "öyrədir."

Tuleyn Universitetinin mikrobiologiya və immunologiya üzrə professoru Noverr və Kirillo deyirlər ki, bu "öyrədilmiş" hüceyrələr iltihabı azaldır. Əgər bu həqiqətən də belədirsə, bu, həddən artıq aktiv olan iltihab səbəbilə ölən COVID-19 pasientlərinə yardım edə bilər.

Başqaları isə deyir ki, canlı vaksinlər adətən anadangəlmə immunitet tərəfindən daha güclü reaskiyalara səbəb olur ki, bu da öz növbəsində bir sıra infeksiyalar qarşı qorumağa yardım edir.

Oxşar xəbərlər
OTACI