Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəkər xəstələrində hansı göz problemləri yaranır?

28 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəkərli diabet xəstəliyinin ən çox gözləri zədələdiyi barədə fikirlər səslənir. Hesab olunur ki, şəkərli diabet xəstəliyi varsa, mütləq gözlərdə də problem yaranır. Bir çox hallarda şəkərli diabet xəstəliyi məhz göz müayinəsi zamanı aşkarlanır.

Press.az e-tibb.az-a istinadən bildirir ki, oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyevanın dediyinə görə, şəkərli diabet xəstələrinin statistik saylarının daimi artdığını nəzərə alaraq, bu xəstəliyin oftalmoloji fəsadlarından məlumatlı olmaq vacibdir. Belə ki, görmədə zəifləmə, qara nöqtələri yaxud ləkələri görmə şikayətləriylə oftalmoloqa şəkərli diabetdə şübhələnmədən müraciət edən pasientlər az deyil. Müayinə zamanı göz dibindəki dəyişiklikləri aşkar edən oftalmoloq diaqnoz qoyub, pasienti endokrinoloqa yönləndirir. Onun sözlərinə görə, korluğa səbəb olan xəstəliklər siyahısında ön sırada olan Diabetik Retinopatiya (DR) retinanın (Göz dibi) damarlarının: arteriola və venulaların divarlarında baş verən dəyişiklər, işemiya fonunda yaranır. İstər I tip ŞD, istərsə də II tip ŞD xəstələrində bu patologiya müşahidə oluna bilər. Hamiləlik, hipertoniya xəstəliyi, siqaret istifadəsi, kataraktanın cərrahi müalicəsi xəstəliyi sürətləndirən faktorlardır.

Kapilyar-damar divarında baş verən dəyişikliklərdən asılı olaraq şəkərli diabetli xəstələrin göz dibində hemorragiya (qansızma), sərt və ya yumşaq eksudatlar (sinir liflərinin infarktı), neovaskulyarizasiya (yeni yaranmış patoloji damarlar), mikroanevrizmalar, ödem izlənilir. Proliferativ və non-proliferativ olmaqla diabetik retinopatiya (DR) 2 qrupa bölünür. 10-12 ildən sonra l tip şəkərli diabet diaqnozu qoyulmuş şəxslərin 50%-ində proliferativ diabetik retinopatiya izlənilir. II tip şəkərli diabet xəstələrində bu faiz nisbətən aşağıdır.

Non PDR ilkin mərhələlərində göz dibi toxumalarındakı işemiyaya reaksiya olaraq mikroanevrizmalar yaranır, müəyyən müddətdən sonra bu damarlardan qansızmalar və eksudatlar inkişaf edir. Proliferativ diabetic retinopatiya isə növbəti mərhələ kimi neovaskulyarizasiya ilə xarakterizə olunur. Xəstəliyin inkişaf etmiş mərhələlərində bu patoloji damarlardan vitreal boşluğa (şüşəvari cismə) qansızma, fibroz membranlar və ağırlaşma kimi tort qişa (retina) qopması halları rast gəlinir. PDR daha çox gənclərdə rast gəlinir, ağır və sürətli gedişatı, pis proqnoz ilə seçilir.

Dibateik retinopatiya mənzərəsi hipertoniya xəstəliyi, ateroskleroz, nefropatiya kimi yanaşı gedən xəstəliklər fonunda daha da aqressiv keçir. Diabetik retinopatiya 15-20 il ərzində stabil inkişaf etdiyi halda xoşxassəli sayılır.

Müalicəsi patogenetik (yani karbohidrat, yağ və zülal  mübadiləsi tənzim olunması ilə) və simptomatik (klinik əlamətlər və ağırlaşmaların aradan qaldırılması və profilaktikası ilə) aparılır. Ən əsas diabetin və əgər varsa təzyiqin requlyasiyasıdır. DR müalicəsində ən effektli müalicə üsulu Iazerkoaqulyasiyadır. Retinaya lazer"yanığı" etməklə qansızmaların, patoloji damarların inkişafının, fibroz toxuma inkişafının qarşısı alınır. Mərhələsindən və ağırlaşmalardan asılı olaraq anti-VEGF inyeksiyalar və cərrahi müdaxilələr də tətbiq edilə bilər.

Oftalmoloq onu da deyib ki, diabetik retinopatiyadan başqa şəkərli diabet xəstələrində katarakta, neovaskulyar qlaukoma, keratopatiya, eroziya və xoralar, blefaritlər, "it dirsəyi", iridosiklit, bəzən hətta gözün hərəki sinirinin zədələnməsi də müşahidə olunur. Onun sözlərinə görə, bütün hallarda qanda şəkərin kontrol və stabilliyi, düzgün müalicə, mütəmadi göz dibi müayinəsi tələb olunur.

Oxşar xəbərlər
OTACI