Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Həkim: Parça, tənzif maskalardan deyil, antibakterial maskalardan istifadə etmək vacibdir

23 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"İnsanlar həmişə tozlu şəraitdə iş görərkən özlərinin düzəltdiyi müəyyən parça, tənzif maskalardan istifadə ediblər. Ancaq bu gün pandemiya şəraitində olduğumuzdan insanların belə maskalardan deyil, antibakterial maskalardan istifadə etməsi vacibdir".

Press.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının dosenti, koronaviruslu xəstələri müalicə edən Mirəsgər Əsgərov deyib.

Onun sözlərinə görə, tibbi maskaların orta qatında antibakterial təbəqə yerləşdirilib. Digər tərəfdən, sintetik parçaların özü virus törədicilərinin orqanizmə daxil olmasının qarşısını müəyyən qədər alır:

"Maskalar yuyularsa, o, sabunla yuyulmalı, daha sonra spritlə təkrar strelizasiya edilməlidir. Maska çirkləndikdə onun qapalı tullantı qablarına atılması məsləhət görülür".

Həkim qeyd edib ki, yoluxmanın sürətlə yayılmasının qarşısının alınması üçün vətəndaşlar tələb edilən bütün qaydalara əməl etməli, maskalardan düzgün istifadə etməlidirlər:

"Hazırkı şəraitdə vətəndaşların virusla bağlı necə davranması onların özlərinə və ətrafdakılara necə qiymət verməsindən çox asılıdır. Bütün vətəndaşlar bu real virusun mövcudluğuna inanmalı, laqeydliklərini kənara qoyaraq, özlərinin və yaxınlarının sağlamlığını qorumaq naminə tibbi maskalardan istifadə etməlidirlər. Nəzərə alaq ki, maskalar ayrılıqda burun, ağız və qulaq aksesuarı deyil. O, bir qoruyucu vasitədir. Maskalardan istifadə etmək qarşılıqlı qoruyucu funksiyanı yerinə yetirir. Ondan düzgün şəkildə istifadə etməklə, həm özümüzü, həm də qarşıdakı insanı qorumuş olacağıq".

İnsanlara virusun yayılmasının qarşısını almaq üçün digər tövsiyələrini də verən həkim əlavə edib ki, insanlar COVİD-19-un əlamətlərini müşahidə etdikdə həkimə müraciət etməlidirlər. Həkim tövsiyəsi və nəzarəti olmadan müalicənin aparılması zərərli nəticə verə bilər:

"Xəstəliyin əlamətlərini müşahidə etdiyimiz zaman sahə həkimini bundan xəbərdar etməyiniz, dərhal qeydiyyata alınmanız, həkimin nəzarəti ilə müalicəyə başlamanız lazımdır. Koronavirus qrip ailəsinə aid olan virusdur, onlar bakteriyalardan fərqli olaraq, hüceyrə ətrafında olmur, o, hüceyrənin daxilinə sirayət edə bilir. Buna görə də bu virusun kor-koranə müalicə edilməsi ağır fəsadlara səbəb ola bilər. Virusun müalicəsi üçün özbaşına qəbul edilən dərmanlar immuniteti aşağı sala bilər. Virusa qalib gəlmək üçün qidalanma da düzgün olmalıdır. İnsanlar immunitetlərini qaldıran qidalardan - ət, qatıq, qaymaq, xama, ayran, şor, yağ, bal, kələm, ispanaq, cəfəri, soğan, sarımsaq, keşniş, şüyüd, kələm, meyvə və giləmeyvələrdən, tərəvəzlərdən istifadə edə bilərlər. Təbii meyvələrdən kompot hazırlamaqla da ondan istifadə etmək olar. Qıcıqlandırıcı, qızardılmış, konservləşdirilmiş qidalardan uzaq durmaq lazımdır".

M.Əsgərov bildirib ki, virusların orqanimzdən çıxmasına şərait yaradan çoxlu su da qəbul edilməlidir. Çünki maye nə qədər çox qəbul edilərsə, onun durulaşaraq orqanizmdən xaric edilməsinə şərait yarana bilər. Bu səbəbdən günün müxtəlif, xüsusilə gündüz saatlarında su qəbul edilməlidir. Qidalanma ilə yanaşı, insanlar özlərini psixoloji baxımdan da gərgin hiss etməməlidirlər:

"Bu, sizə daha çox xeyir gətirəcək. Bu xəstəlik ətrafımızda olduğundan ona yoluxma riski böyükdür. Amma özünüzü qorxutmayın. Bu virus da digər viruslar kimi bir virusdur, sadəcə olaraq, onun kontagiozluğu bir qədər artıqdır. Bundan qorunmaq üçün psixoloji baxımdan da gərgin olmayın. Əmin olun ki, yoluxsanız belə, bu xəstəliyə qalib gələcəksiniz. Bunun üçün də yoluxmamaqdan ötəri hansı vacib addımlar varsa, onları etməliyik. Digər tərəfdən, "evdə qalın" o, demək deyil ki, qapını, pəncərəni bağlayıb evdə oturun. Evinizin eyvanına çıxın, nəfəslikləri açın, otağınızın havasını tez-tez dəyişin. Bununla yanaşı, bu virusun mövcudluğuna inanın! Gözəgörünməyən düşmənlə mübarizə aparmağın yolu özünə, vətəndaşlara, dövlətinə inanmaq, hər kəsin qaydalara əməl etməsi, laqeydliyi aradan götürmək, həmrəylik nümayiş etdirməkdir".

Oxşar xəbərlər
OTACI