logo
First slide

Azərbaycanda ümumi karantin rejimi oktyabrın 1-nə qədər uzadılır?

22 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəbər verdiyimiz kimi iyunun 21-də 491 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb. Ölkə ərazisində elan olunmuş karantin rejimi avqustun 1-nə kimi uzadılıb. Lakin son həftələr gün ərzində koronavirusa yoluxanların sayı artım dinamikası ilə davam edir. Təbii ki, bu da karantin rejiminin payıza kimi uzadılması ehtimalını artırır. Avqustun 1-ə kimi uzadılan karantin rejimi oktyabrın 1-ə kimi uzadıla bilərmi?

Press.az bildirir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, son günlərin statistikası heç də ürəkaçan deyil:

"Bilirsiniz ki, artıq gündəlik yoluxanların sayı 500-ə yaxınlaşır. Təbii ki, bu heç də yaxşı göstərici deyil. Məhz buna görə iyunun 21-dən iyulun 5-nə kimi ölkə ərazisində 2 həftəlik sərt karantin elan olunub. 2 həftəlik sərt karantin rejiminin elan edilməsinin məqsədi bu virusun ölkə ərazisində geniş yayılması ilə yanaşı həm də insanlarımızın sağlamlığını qorumaqdır. Təəssüf ki, bəzi vətəndaşlarımız karantin rejimində yumşalmalar olduqdan sonra sanki bu xəstəlik yoxmuş kimi davranmağa başladılar. Marketlərdə, avtobuslarda və digər iaşə obyektləində qoruyucu tibbi maskadan istifadə etmir, sosial məsafəni qorumurdular. Nəticədə iyunun 21-də gündəlik yoluxma 491-ə qədər yüklsəldi. Düşünürəm ki, elan olunmuş 2 günlük sərt karantin rejimi növbəti həftədə özünün müsbət nəticəsini göstərəcək. Qaldı ki, karantin rejiminin uzadılmasına, bu barədə qərar vermək Operativ Qərargahın səlahiyyətindədir. Bilirsiniz ki, bu gün Operativ Qərargahda işini bilən və mövcud vəziyyəti düzgün analiz edə biləcək mütəxəssislər təmsil olunurlar. Onlar dünyada və ölkəmizdə mövcud vəziyyəti, gündəlik yoluxmanın artma dinamikasını, ölənlərin sayını analiz etdikdən sonra lazım olan düzgün qərar verəcəkdir. Biz karantin rejiminin uzadılması və ya ləğvindən öncə bütün dünyanı bürüyən bu bəladan canımızı necə az itki ilə qurtara biləcəyimiz barədə düşünməliyik. Bu istiqamətdə dövlət tərəfindən bütün lazım olan addımlar operativ şəkildə atılmaqdadır. Biz də sosial məsuliyyətimizi dərk edərək bu yolda dövlətimizə dəstək olmalıyıq. Əlbəttə, heç birimiz karantin rejiminin uzadılmasını istəmirik. Ona görə də ictimai nəqliyyatda, marketlərdə, ticarət mərkəzlərində qoruyucu tibbi maskadan istifadə etməli, sosial məsafəni qorumalıyıq. Ən başlıcası isə sanitar gigiyenik normalara əməl etməliyik. Biz bu yola özümüzü və yaxınlarımızı qorumaqla yanaşı, həm də xoşagəlməz bu vəziyyətdən tezliklə çıxa bilərik".

Oxşar xəbərlər