Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanlı alim, professor, "Şöhrət" ordeni laureatı Əli Musa oğlu Əliyevin 87-ci ildönümüdür - FOTO / VİDEO

20 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanlı alim, professor, "Şöhrət" ordeni laureatı Əli Musa oğlu Əliyevin anadan olmasının 87-ci ildönümüdür.

Əliyev Əli Musa oğlu 1933-cü il may ayının 20-də Ermənistan Respublikası Vedi rayonunun Dəhnəz kəndində anadan olmuşdur. Atası Musa kişi erməni daşnaklarına qarşı barışmaz mövqeyi ilə seçilmiş və Abbasqulu Bəy Şadlinskinin «Qırmızı Taborunda» batalyon komandiri kimi mənfur erməni daşnaklarına qarşı mübarizə aparmışdır. 1937-ci ildə sovet hökuməti tərəfindən «xalq düşməni» adı altında tutularaq türməyə göndərilən Musa kişinin ailəsi Qazaxstan Respublikasının Cambul vilayətinə sürgün edilmişdir. Uşaqlıq və məktəb illəri burada keçən Ə. Əliyev 1947-ci ildə Sverdlov rayonunun Mixaylovsk orta məktəbini bitirdikdən sonra Frunze Sənaye Texnikumunun «Şəhər yollarının və körpülərin tikintisi» fakültəsinə daxil olmuş və 1953-cü ildə oranı bitirmişdir. Həmin il Qırğızıstan Respublikası Avtomobil Nəqliyyatı Nazirliyinin «Yolmühəndistikinti» trestində mühəndis-layihəçi, sonradan isə tikintinin baş mühəndisi vəzifəsində çalışmışdır. Ümumittifaq miqyasında ən böyük magistrallardan olan Frunze-Oş avtomobil yolunun, Narın çayı üzərində bir neçə körpünün, o cümlədən uzunluğu 99 m-ə çatan asma körpünün və uzunluğu 2,4 km olan tunelin tikintisində fəal iştirak etmişdir. 1955-ci ilin dekabr ayından 1958-ci ilin mart ayına qədər Sovet Ordusu sıralarında xidmət etmişdir.

1958-ci ildə Saratov Ümumittifaq Avtomobil yolları İnstitutuna daxil olmuş, sonradan Bakıya köçmələri ilə əlaqədar olaraq təhsilini Azərbaycan Politexnik İnstitutunda davam etdirmiş və oranı 1965-ci ildə bitirmişdir.

1972-ci ildə Bakı şəhərində yeni yaradılmış «Xüsusiləşdirilmiş yol tresti»nə rəis təyin edilmişdir.

Ə.M.Əliyev istehsalat fəaliyyəti ilə bərabər elmi axtarışlarla məşğul olmuş, 1973-cü ildə «Aktivləşdirilmiş mineral tozlu asfaltbetonların tədqiqi» mövzusunda namizədlik dissertasiyası, 1984-cü ildə isə «Asfaltbetonun regenerasiyası» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.

Professor Ə.M.Əliyevin təklif etdiyi aktivləşdirilmiş mineral tozlardan istifadə etməklə asfaltbeton qarışıqlarının hazırlanması üzrə yeni texnologiya hal-hazırda bir sıra MDB ölkələrində avtomobil yollarının və aerodromların uçuş-enmə zolaqlarının tikintisində geniş tətbiq olunur.

1985-ci ildə Ə.Əliyev istehsalatdan ayrılmadan Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun «Avtomobil yolları, körpü və tunellər» kafedrasında pedoqoji fəaliyyət göstərmişdir.

1989-cu ildə «Avtomobil yolları, körpü və tunellər» kafedrası üzrə professor alimlik dərəcəsi almışdır.

Ə.M.Əliyev 1999-cu ilin dekabrından vəfat edənədək «AZVİRT» MMC-nin baş direktoru vəzifəsində çalışmışdır.

Professor Ə.M.Əliyevin rəhbərliyi altında «Azərbaycan Respublikasında asfaltbeton örtüklü yol və aerodrom geyimlərinin tikintisi üzrə Rəhbərlik» texniki-normativ sənədi hazırlanmış və Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmişdir və 01 iyun 2004-cü il tarixdən qüvvəyə minmişdir.

2005-ci ilin iyulunda Qırğızıstan Hökumətinin dəvəti ilə qardaş Respublikada səfərdə olan professor Ə.M. Əliyevin şərəfinə Narın çayı üzərində onun baş mühəndisliyi ilə salınmış ən böyük körpülərdən birinə «Qırğızıstan-Azərbaycan Dostluq Körpüsü» adı verilmiş və körpünün üzərinə xatirə lövhəsi vurulmuşdur.

Ə.M.Əliyev «Qırmızı Əmək Bayrağı» ordeni ilə, bir çox medallarla və Azərbaycan Respublikası Ali Sovetinin fəxri fərmanı ilə mükafatlandırılmışdır. "İnşaatçılar günü" peşə bayramı münasibətilə Azərbaycan Respublikası Prezidentinin 844 saylı 9 aprel 2010-cu il tarixli Sərəncamı ilə Ə. M. Əliyev tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə «Şöhrət» ordeni ilə təltif olunmuşdur.

Ə.M.Əliyevin 100-ə qədər elmi işi, 3 monoqrafiyası, «Yol-tikinti materialları», "Avtomobil yollarının və aerodromların tikintisi" (4 cilddə), "Yol və aerodrom tikintisində əhəngdaşı materiallarının tətbiqi", «Nəqliyyat magistrallarının tikintisinin əsasları», "Yol və aerodrom tikintisində əhəngdaşı materiallarının tətbiqi üzrə Təlimat", "Yol və aerodrom tikintisi materiallarının struktur formalaşması" və s. kitabları çap edilmişdir. 25-dən çox ixtira və patentin müəllifidir.

Ə.M.Əliyevin həyatı və elmi-praktiki yaradıcılığı haqqında azərbaycan, türk, rus və ingilis dillərində çoxsaylı monoqrafiyalar yazılmışdır.

2016-cı il aprelin 23-də gecə saatlarında Azərbaycanın yol təsərrüfatında tanınmış alim, texnika elmləri doktoru, professor, “Şöhrət” ordenli, "AZVİRT" MMC-nin baş direktoru Əli Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Press.az xəbər saytı olaraq Azərbaycanlı alim, professor, "Şöhrət" ordeni laureatı Əli Musa oğlu Əliyevi dərin hörmətlə yad edir, Allahdan rəhmət diləyirik...

 

Oxşar xəbərlər
OTACI