Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ali təhsil pilləsinin dövlət standartı və proqramında dəyişikliklər edildi

19 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nazirlər Kabineti “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda dəyişikliklər edib.

Press.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.

Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar. Təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq çıxarılmış yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər. Ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, bakalavriat səviyyəsində müəyyən ixtisaslar üzrə təhsilalanlara əlavə olaraq buraxılış işinin yerinə yetirilməsi tələbi qoyula bilər.

Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsindən və (və ya) ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurası və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilir.

Bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir.

Ali təhsilin müvafiq səviyyələri üzrə təlim proqramını (kurikulumu) mənimsəmiş, tələbələrə ixtisas dərəcəsi və həmin pilləni bitirməsi haqqında diplom verilir.

Qeyd edək ki, indiyədək ali təhsilin müvafiq səviyyələri üzrə təlim proqramını (kurikulumu) mənimsəmiş, aralıq və dövlət buraxılış imtahanından müvəffəq qiymət almış tələbələrə ixtisas dərəcəsi və həmin pilləni bitirməsi haqqında diplom verilirdi.

Bu qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

Oxşar xəbərlər
OTACI