logo
First slide

Gömrükdən "Ermənistan siqareti" açıqlaması

19 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən gün bir sıra kütləvi informasiya vasitələri tərəfindən Ermənistanda istehsal olunan siqaretlərin ölkə ərazisində satıldığına dair video yayımlanıb. 

Press.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, həmin videonu qeydə alan, kimliyi barədə hər hansı məlumat verilməyən şəxs Sabirabad rayonundakı mağazalardan birindən Ermənistan istehsalı olan siqaret aldığını iddia edir və tütün məmulatının ölkə ərazisinə gətirilməsinə görə gömrük orqanlarını günahlandırır. 

"Bir sıra media qurumları DGK-nın rəsmi münasibətini öyrənmədən videonu yayımlayıb, üstəlik müvafiq cavab hazırlanması üçün araşdırma aparılması məqsədilə videonu qeydə alan şəxs barədə gömrük orqanlarına informasiya verməkdən imtina edib. Buna baxmayaraq Komitənin aidiyyəti qurumları tərəfindən Sabirabad və ətraf rayonlardakı mağazalarda, topdan və pərakəndə satış məntəqələrində aparılan ciddi araşdırma zamanı Ermənistan istehsalı tütün məhsulllarının satışı aşkar edilməyib.

DGK bir daha bildirir ki, Ermənistanla ölkəmiz arasında hər hansı ticarət əlaqəsindən söhbət gedə bilməz və bu ölkədə istehsal edilən məhsulların ölkə ərazisinə gətirilməsi qəti qadağandır. Qeyd edək ki, Komitənin müvafiq qurumları bu barədə mütəmadi məlumatlar yayır və Ermənistan mənşəli məhsulların gömrük-keçid məntəqələrində aşkar olunaraq məhv edilməsi barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.

DGK bir daha bütün media qurumlarını məlumat yayımlayarkən diqqətli olmağa, qarşı tərəfin rəyini öyrənmədən həqiqətə uyğun olmayan, rəsmi təsdiqini tapmayan iddiaları dərc etməməyə çağırır. Yalan və böhtan xarakterli məlumat yayanlar bilməlidir ki, yaydıqları həqiqətə uyğun olmayan məlumata görə özləri də qanun qarşısında məsuliyyət daşıyırlar. Gömrük orqanlarını Ermənistanın istehsal etdiyi məhsulları ölkəmizə buraxmaqda günahlandıran şəxslər isə vicdanları qarşısında məsuliyyətli olsunlar. Əgər varsa…", - deyə qurum bəyan edib. 

Oxşar xəbərlər