logo
First slide

Qobustandakı tarixi abidənin ərazisində tikinti işləri dayandırıldı - FOTO

18 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qobustan rayonu Sündü kəndi ərazisində Qafqaz Albaniyasına aid mədəniyyət nümunələrinin aşkarlandığı ərazidə aparılan tikinti işləri dayandırılıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Press.az-a verilən məlumata görə, mayın 10-da instituta Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Dövlət reyestrinin aparılması, abidələrə və tədqiqatlara nəzarət sektorunun müdiri Pərviz Nəcəfov tərəfindən Qobustan rayonu Sündü kəndi ərazisindəki yeni orta məktəbin tikinti işləri zamanı saxsı qab nümunələrinin aşkar edilməsi haqqında məlumat daxil olub.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu rəhbərliyinin göstərişi ilə İnstitutun şöbə müdiri, bölgə üzrə arxeoloji ekspedisiyanın rəhbəri Akif Quliyev rayona ezam edilib və Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qobustan rayon üzrə abidə mühafizəçisi Bəylər Musa oğlu Ağayevlə birgə maddi-mədəniyyət nümunələrinin aşkar edildiyi əraziyə baxış keçirilib.

Əraziyə baxış keçirərkən müəyyən edilib ki, ərazidə antik dövrə aid nekropol mövcud olub:

"Əraziyə yayılmış daşlara əsasən, Antik dövr nekropolu daş qutu qəbirlərdən ibarət olmuşdu və ümumilikdə, nekropol Qafqaz Albaniyasının xristianlıq ərəfəsindəki dövrə aiddir. Torpağın üst qatı ekskavator vasitəsi ilə götürüldüyündən nekropol dağıdılmış, mədəni təbəqə qarışmışdır. Təəssüflər olsun ki, abidənin aşkar edilməsi haqqında məlumat vaxtında müvafiq orqanlara çatdırılmamış və tikinti işləri zamanı abidənin çox hissəsi dağıdılmışdır. Tikinti rəhbərliyi Mədəniyyət Nazirliyi və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi ilə əlaqə saxlayaraq, ərazidə tədqiqat işlərinin aparılmasına qədər bütün tikinti işlərinin dayandırıldığını və bu işlərin arxeoloji araşdırmalardan sonra davam etdiriləcəyini bildirib".

İnstitutdan bildirilib ki, əldə edilmiş razılığa əsasən yaxın vaxtlarda qeyd edilən ərazidə kəşfiyyat işləri başlanacaq, abidənin sərhədləri müəyyən ediləcək və Mədəniyyət Nazirliyi tətəfindən qeydiyyata alınacaq. Abidədə arxeoloji tədqiqat işlərinin həyata keçirilməsi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Mədəniyyət Nazirliyinin birgə qərarından sonra baş tuta bilər.

Oxşar xəbərlər