Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda liftlərə nəzarət hansı qaydada aparılır? - FHN rəsmisi

17 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son vaxtlar yaşayış binaları və digər obyektlərdə quraşdırılan bəzi lift və qaldırıcı qurğuların hərəkətində problemlər yaranır. Nəticədə insanların liftdə qalması və başqa xoşagəlməz hadisələr baş verir.

Bəs ölkədə bu cür qurğulara nəzarət hansı mexanizmlə həyata keçirilir?

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Qazanqaldırıcı və Energetika Qurğularında İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət Müfəttişliyinin baş məsləhətçisi-baş mütəxəssis Vidadi Bədəlov açıqlamasında bildirib ki, hüquqi və ya fiziki şəxslərə məxsus yaşayış və qeyri yaşayış binalarında quraşdırılan liftlər və digər qaldırıcı qurğulara nəzarət, onların texniki yoxlamalardan keçirilməsi "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının (02 noyabr 1999-cu il №733-İQ) Qanununa əsasən "Liftlərin quruluşu və təhlükəsiz istismarı qaydaları"na (1971-ci il nəşr) və "Digər qaldırıcı qurğuların quruluşu və təhlükəsiz istismarı qaydaları"na əsasən aparılır:

"Qaldırıcı qurğuların Agentlikdə qeydiyyata alınması sahibinin yazılı müraciəti və qurğunun təqdim olunmuş texniki pasportunun qurumun mütəxəssisi tərəfindən yerində olan avadanlığın texniki göstəricilərinin uyğunluğu araşdırıldıqdan sonra aparılır. Lift quraşdırılıb qeydiyyata alındıqdan sonra isə "Liftlərin quruluşu və təhlükəsiz istismarı qaydaları"na əsasən müfəttiş tərəfindən texniki müayinədən keçirilib, istismarına icazə alınmalıdır.

Liftlərin dövrü texniki müayinəsi isə 12 aydan gec olmayaraq keçirilməli və pasportunda növbəti müayinə vaxtına qədər istismarına icazə haqqında yazılmalıdır. Qeyd edim ki, 2019-cu il ərzində dövlət müəssisələri, hüquqi və fiziki şəxslərə məxsus binalarda istismar olunan 340 ədəddən çox liftdə texniki müayinələr aparılaraq 85 akt tərtib edilib.

Həmçinin ötən il ərzində Nazirliyə daxil olmuş 128 şikayətə əsasən mütəxəssislər tərəfindən 156 liftə baxış keçirilərək aktlar tərtib edilib, nöqsanların aradan qaldırılması və texniki təhlükəsizliyin istismarının təmin edilməsi məqsədilə liftin sahibi olan MTK rəhbərlərinə və "Lifttəmir" İstehsalat Birliyinə məktublar göndərilib.

Cari ilin I rübündə isə dövlət müəssisələri, hüquqi və fiziki şəxslərə məxsus binalarda istismar olunan 690 ədəddən çox liftdə texniki müayinələr aparılıb və 127 akt tərtib edilib".

V. Bədəlov qeyd edib ki, 2020-ci il ərzində Nazirliyə daxil olan 30 şikayət ərizəsinə əsasən mütəxəssislər tərəfindən 45 liftə baxış keçirilərək aktlar tərtib edilib. Bu nöqsanların aradan qaldırılması və texniki təhlükəsizliyin istismarının təmin edilməsi məqsədilə liftin sahibi olan MTK rəhbərlərinə və "Lifttəmir" İB-nə məktublar göndərilib.

Gəncə şəhəri, N.Nərimanov prospekti 87 ünvanında yerləşən "Bazar Store" MMC-yə məxsus mağazada quraşdırılan yük liftində baş vermiş hadisəyə münasibət bildirən qurum rəsmisi qeyd edib ki, faktla bağlı Agentliyin Qərb regional müfəttişliyinin mütəxəssisləri tərəfindən yerində araşdırma aparılıb və akt tərtib edilib. Hazırda həmin liftin istismarı dayandırılıb.

Trend

Oxşar xəbərlər
OTACI