Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəmkirdə ata mülk üstündə oğlu və ailəsini yandırdı - YENİLƏNİB

07 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəmkir rayonunda qaynatanın evi və ailə üzvlərini yandırmasının təfərrüatı məlum olub.

Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini, 1961-cı il təvəllüdlü Vəli Əkbər oğlu Yaqubov 32 yaşlı oğlu Əkbər Vəliyevi və onun ailəsini evdən çıxarmaq istəyib. 

Məlumata görə, uzun müddətdir mülk üstündə tərəflər arasında münaqişə olub. Hətta bir neçə dəfə prokurorluğa və polis şöbəsinə müraciət də ediblər. Ə.Vəliyev işləmək üçün əvvəllər Rusiyaya gedib. Ancaq deportasiya olunduğundan yenidən federasiya ərazisinə qayıtmaq üçün həyat yoldaşının soyadını götürüb. Ümumiyyətlə, təsərrüfatla məşğul olan ailə kənddə münaqişəli ailə kimi tanınırlar. 

V.Yaqubov əvvəllər də onları çıxıb getməsələr, evi yandıracağı ilə hədələyibmiş. Hadisə günü də tərəflər arasında yenidən mübahisə düşüb, lakin ailə üzvləri onun təkrarən hədələrinə əhəmiyyət verməyib. Bu zaman V.Yaqubov 5 otağı və 1 aynabəndi olan birmərtəbəli evə od vurub. Yanğın zamanı onun həyat yoldaşı, 54 yaşlı Nüşabə Yaqubova, 34 yaşlı oğlu Əkbər Vəliyev, 32 yaşlı gəlini Nərgiz Vəliyeva və nəvələri - 4 yaşlı Banu və 3 yaşlı Ömər evdə olub. Hadisə yerinə gələn xilasedicilər onlardan yalnız Öməri xəsarət almadan evdən çıxara biliblər. Digərləri yanıq xəsarətləri alıblar. V.Yaqubov evə od vurduqdan sonra hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs sonradan saxlanılıb və istintaqa cəlb olunub. 

Qeyd edək ki, Ə.Vəliyev, həyat yoldaşı və övladının yanıq xəsarətləri ciddi olduğundan Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılıblar. 

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

*** 08:45

Şəmkir rayonunda yerli sakin ailədaxili münaqişə zəminində evini və orada yaşayan ailə üzvlərini yandırıb.

Hadisə rayonun Seyfəli kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Vəli Əkbər oğlu Vəliyev özünə məxsus olan 5 otaqlı evə od vurub. Yanğın zamanı onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nüşabə Yaqubova, 32 yaşlı oğlu Əkbər Vəliyev, gəlini, 32 yaşlı Nərgiz Vəliyeva, nəvələri 4 yaşlı Banu Vəliyeva və 3 yaşlı Ömər Vəliyev evdə olub. 

Yalnız 3 yaşlı Ömər evdən çıxarılıb. Digər ailə üzvləri müxtəlif bədən xəsarətləri alıblar. 

Yaralılar təcili tibbi yardım maşını və yaxınlarının avtomobilləri ilə əvvəlcə Şəmkir rayon Mərkəzi Xəstəxanasına daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar. 

Onlardan üçünün, oğlu, gəlini və nəvəsinin vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndəriliblər.

Ümumi sahəsi 200 kvadratmetr olan 5 otaqlı evin söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, yanğın söndürlüb. 

Qeyd edək ki, hadisəni törədən şəxs qaçıb. Faktla bağlı araşdırma aparılır.

***04:15

Şəmkir rayonunda yerli sakin evinə od vurub, xəsarət alanlar var.

Hadisə axşam saatlarında rayonun Seyfəli kəndində qeydə alınıb. İlkin məlumata görə, yerli sakin 5 otaqlı evə od vuraraq yandırıb. Hadisə zamanı, həyat yoldaşı, oğlu, gəlini və nəvəsi yanıq xəsarətləri alıb. 

Hadisə yerinə təcili tibbi yardım briqadası və Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Report

Oxşar xəbərlər
OTACI