Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nəriman Nərimanovun 150 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

14 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Prezident İlham Əliyev Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

Press.az-ın məlumatına görə, sərəncamda bildirilir ki, 2020-ci ilin aprel ayında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanovun anadan olmasının 150 illiyi tamam olur.

Nəriman Nərimanov məşhur yazıçı, dramaturq, publisist və maarifçi kimi Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamışdır. Onun zamanın vacib məsələlərinə toxunan və əsas qayəsini maariflənməyə, mədəni yüksəlişə çağırış təşkil edən əsərlərində dərin insanpərvərlik ruhu hakimdir. Nəriman Nərimanov dramaturgiyası Azərbaycan teatrının inkişafına dəyərli töhfələr vermişdir. Milli bədii nəsr tarixində də özünəməxsus layiqli yer tutan vətənpərvər ədib, həmçinin ciddi və aktual publisistika nümunələrinin müəllifi olaraq tanınmışdır.

Nəriman Nərimanovun bədii yaradıcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq vardır. Onun ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçmişdir. Siyasi çarpışmaların daha da gərginləşdirdiyi son dərəcə mürəkkəb şəraitə baxmayaraq, Nəriman Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə etmişdir. O, keçmişimizin mədəni sərvətlərinin mühafizəsinə, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirmiş, elmin, maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmış, dövrün milli məfkurə daşıyıcısı olan şəxsiyyətlərinə ehtiram və qayğı ilə yanaşmışdır.

Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılmışdır. Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur.

Sərəncamla Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir. 

Oxşar xəbərlər
OTACI