Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AAYDA : "İcra strukturları bu günə kimi öz üzərinə düşəni etməyiblər" - Savalandakı bərbad yollarla bağlı AÇIQLAMA

24 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan massivində  yaşayan sakinlər haqlı olaraq ərazidəki mövcud problemdən çox  narahatdırlar.

Sakinlər Press.az-a bildiriblər ki, burada vahid kanalizasiya sistemi yoxdur. Hər kəs bir xəndək qazıb gündəlik istifadə etdiyi çirkab suları ora axıdır. Nəinki yayda, heç qışda da üfunət və ağcaqanadın əlindən tərpənmək olmur. Bütün bu antisanitariya mühiti  xəstəliklərə səbəb olur:

"Yollar həddindən artıq bərbaddır, çala-çökəkdir. Bir qış mövsümünü yola vermək üçün bir neçə çəkmə almaq lazım gəlir.

Avtobus dayanacağı 28 saylı məktəbin düz  yanındadır. Gedib həmin dayanacağa çatana qədər min dəfə  palçığa batırıq. Uşaqları bu məktəbə gedən yerli sakinlərin vəziyyətini düşünən yoxdur. O boyda böyük və  yeni təmirli gözəl məktəbin ətrafı xarabaxananı xatırladır."- deyə sakinlər qeyd edib.

Yerli sakinlərin problemləri təkcə bununla bitmir. İnternet xətti çəkdirmək üçün dəfələrlə imza topladıqlarını, lakin müraciətlərinə baxılmadığınıda bildiriblər. Və ya tək -tük şəxslərin müraciətlərinə də bildirilib ki, telefon çəkilişi üçün mövcut rabitə qurğularında texniki imkanlıq olmadığı üçün fiziki xətlə telefon çəkilişi mümkün deyil. Müasir LTE texnologiyası əsasında qurulmuş genişzolaqlı və yüksək sürətli xidmət təklif edilib.

Yəni loru dillə desək müasir rabitə sistemi təklif edilib. Sakinlər isə keçmiş, dədə-baba qaydası ilə  telefon xətləri tələb edirlər. Səbəb olaraq sakinlər bildirir ki, onların bəh-bəhlə təriflədiyi yüksək sürətli internet, simsiz rabitə bu ərazidə yaxşı işləmir, hava durumundan asılı olaraq dəyişir. Demək olar ki, bir balaca külək,  yağış, qar olan kimi fəaliyyətini dayandırır.

"Ya telefon işləmir və ya internetin sürətində ləngimələr  olur.  Bunlardan əlavə avadanlığı evlərdə quraşdırmaq üçün 300 manatdan artıq xərc tələb olunur.  Biz böyük məmnumiyyətlə həmin məbləği verib  internet və sürət əsrində qədimdünya həyatı yaşamazdıq. Problem odur ki, onlar bizə keyfiyyətə təminat vermir.

Adamı yandıran odur ki, Azərbaycanın dünyanı heyrətləndirən  kosmik peykləri var. Amma nə olar  arada bir Maştağanın Savalan massivinə də məsul şəxslər dönüb baxsınlar." - deyə  sakinlər əlavə ediblər.

Bunlardan başqa sakinlər, ərazidə sahibsiz küçə itləridə çoxluq təşkil edir. İtlər ötən həftə yerli sakinlərdən birinə hücüm etdiyini və həmin şəxsin də etdiyi bazarlıq zənbilini atıb canını yüngül xəsarətlərlə  güclə qurtardığını bildiriblər:
"Hər gün dərsə gedən uşaqlar var. Onları bu itlər  parçalasa kimdir günahkar? Sonradan günahkar axtarınca günaha indidən bir tədbir görmək lazımdır.Bu itlərin toplaşdığı yer məktəbin yaxınlığındakı zibilxanadır. Cəmi 2 zibil qutusu var orada. Əhali məcbur qalıb zibili yerə atırlar. Açığı hər gün oranı kiminsə təmizlədiyini görürəm, amma yenə də zibilin içindədir hər tərəf" - deyə sakinlər sonda qeyd ediblər.

Press.az olaraq ilkin açıqlama üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Düşünürük ki, ərazidəki yollar yenidən qurulduqdan sonra, digər çətinliklərdə aradan qaldırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli  Press.az-a bildirib ki, qəsəbə daxili yollar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında deyil:

"O, yollar icra hakimiyyətinin və bələdiyyələrin balansındadır. O, yolların bərbad halda olmasında həmin strukturlar cavabdehdir. İnfrastrukturun yaradılması yerli icra hakimiyyətinin səlahiyyətindədir.
Ölkə başçısı tərəfindən keçən il Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə belə bir tapşırıq verildi ki, qəsəbələr arasında yollarla bağlı məsələlər öz həllini tapsın. Çünki bu günə kimi o yollar təmir olunmayıb. Bununla bağlı insanlar narazıçılıq edirlər. İnsanlar palçığın içində gedib gəlirlər.

İcra strukturları bu günə kimi öz üzərinə düşəni etməyiblər. Ona görə Cənab Prezident bu işi bizə tapşırdı. Bu yollar bizim balansımızda olmadığına görə söhbət hansı yollardan getdiyini və nə qədər olduğunu bilmirdik.

Əməkdaşlarımızın araşdırması zamanı bəli oldu ki, bu cür qəsəbə daxili 2300 kilometr yolun təmirə ehtiyacı var. Tədbirlər planı hazırlandı. Həmin tədbirlər planına uyğun olaraq işlər görülməyə başlayıb.

Bilirsiniz ki, ölkə başçısı keçən ilin sonunda 4 sərəncam verdi. Xəzər, Binəqədi, Sabunçu rayonları və Yeni Suraxanı qəsəbəsinin yollarının təmiri ilə bağlı hazırda işlər görülür.

Bundan əlavə il ərzində müvafiq sərəncamların verilməsi gözlənilir. Bu sərəcamlara uyğun da işlərimizi aparacağıq.

Maştağa qəsəbəsindən Savalana qədər yolun təmirini biz keçən il yekunlaşdırdıq. Təbii ki, qəsəbə daxili yollarda da problemlər var. Bununla bağlı tədbirlər planı hazırlanır. İnşallah 2023-cü il daxil olmaqla Bakı daxili həmin qəsəbələrin yollarında təmir işləri yekunlaşacaq. O cümlədən də Savalan qəsəbəsinin yolları təmir olunacaq. Birdən-birə bir ildə bütün qəsəbələrdə təmir işlərinə başlayıb, yekunlaşdırmaq mümkün deyil". - deyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Press.az-a bildirib.

Ərazidəki itlərlə bağlı isə, sakinlər Press.az-a şikayətdən sonra artıq kimlərsə tərəfindən itlərin aparıldığını bildirdilər.

Oxşar xəbərlər
OTACI