Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tibbin fırıldaqçı adlandırdığı çöpçü: Həkimlər xəstələri özləri bizə yönləndirirlər - VİDEO

23 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Müasir tibbin bu qədər inkişaf etdiyi bir dövr olmasına baxmayaraq, hələ də xüsusilə azyaşlı övladlarını çöpçü yanına aparan valideynlər kifayət qədərdir.

Qədim dövrlərdən bu günə kimi gəlib çatan bu ənənəyə görə, əgər uşaqda yüksək hərarət, qusma və bu kimi əlamətlər varsa və buna həkim də kömək edə bilmirsə, demək ki, hökmən çöpçü yanına aparmaq lazımdır.

Bəs tibbin qəbul etmədiyi, müəyyən işbazların uydurduqları ənənə adlandırılan çöpçülük doğrudan da müalicə üsuludurmu?

Məsələni araşdırmaq üçün paytaxt ərazisində fəaliyyət göstərən çöpçülərin məkanlarına yollandıq. Suallarımıza cavab almaq məqsədilə ona yaxın qapı döysək də, demək olar, onundan doqquzu qapını üzümüzə bağladı. Xeyli söhbət etdikdən sonra isə nəhayət ki, bir çöpçü xanım qısa olaraq məşğul olduğu işlə bağlı danışmaq qərarına gəldi. Uzun müddət ərzində çöpçülük fəaliyyəti ilə məşğul olan xanım bildirdi ki, tibb inkar edə bilər amma fakt olan odur ki, çöpçülük həqiqi müalicə üsuludur. Müsahibimiz bildirir ki, hətta bir çox həkimlər xəstələri özləri bizə yönləndirirlər.

Çöpçü xanım onu da əlavə etdi ki, çöp yalnız uşaqlarda olmur. Kifayət qədər yaşlı insanlar da var ki, çöp çıxarmaq üçün müraciət edirlər.

Söhbətimiz əsnasında buraya gələn müştərilər ilə də həmsöhbət olduq. Valideynlər bildirirlər ki, uşaqlarını bura gətirdikdən sonra xəstəlikləri tamamilə sağalıb. Hətta çöpü qalan uşağı həkimə göstərməyi mənasız hesab etdilər.

Həkim-terapevt Nahid Məhərrəmov isə nə çöpçülərin, nə də onların yanına gələn valideynlərin dedikləri ilə qətiyyən razılaşmadığını bildirir. Həkim deyir ki, dünyanın heç bir yerində belə müalicə üsulu yoxdur. Həkim çöpçülüklə məşğul olanların sadəcə sehrbaz olduqlarını bildirdi. 

Aydın olan isə odur ki, illər keçsə də, hələ də çöpçüyə müraciət edənlərin sayında azalma yoxdur. Ən azından bunu çöpçülərin qapısının ağzında olan növbədən açıq-aydın görmək mümkündür.

Oxşar xəbərlər
OTACI