Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Akademik Musiqili Teatrda “İstintaq” əsəri tamaşaya qoyulacaq

21 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

110-cu mövsümünü yaşayan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti yeni-yeni layihələr üzərində işləyir, bəzi səhnə əsərlərinin son məşqləri uğurla davam edir. Onlardan biri də Xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovun quruluşunda, bəstəkar Ceyhun Allahverdiyev və libretto müəllifi Pərviz Seyidlinin “İstintaq” əsəridir.

Teatrdan Press.az-a verilən məlumata görə, tamaşada xalqımızın vətənpərvər ruhlu aydınları tərəfindən 1906-cı ildə yaradılmış “Difai” təşkilatının fəaliyyətindən və həmin dövrün hadisələri fonunda bolşevizmin
zülmünə məruz qalan, mühacirət həyatı yaşayan ən fəal difaiçilərdən biri Nağı bəy Şeyxzamanlının xanımı Səlimə xanımın represiya illərində çəkdiyi iztirablarından bəhs edilir.

Tamaşada “Şöhrət" ordenli Xalq artisti Afaq Bəşirqızı Səlimə xanım obrazını canlandırmaqla onu sevənlərin qarşısına tam fərqli ampluada çıxacaq, repressiyaya məruz qalan ailələrdə qadınların çəkdiyi əzab-əziyyətləri öz heyrətedici ifası ilə tamaşaçılara çatdıracaq.

Xalq artisti ilə yanaşı, tamaşada Əməkdar artist Şövqi Hüseynov, Rauf Babayev, Əmrah Dadaşov, Nicat Əli, orkestr, xor və balet artistləri də iştirak edəcəklər.

Əsərin quruluşçu dirijoru Səməd Süleymanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti Elməddin Dadaşovdur. Tamaşada plastik hərəkətlərlə qurulan səhnələrin müəllifi beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist Emin Əliyevdir.

“Əsərin qəribə və çox təsirli bir süjet xətti var. Burada ermənilərin dəyirmanına su tökən çar generallarına və onların müşavirlərinə qarşı fərdi mübarizə aparan difaiçilərdən biri olan Nağı bəy Şeyxzamanlının həyat yoldaşı Səlimə xanımın əzab dolu həyatından bəhs olunur. Səlimə xanım Türkiyədə mühacirət həyatı sürən həyat yoldaşından fərqli olaraq Azərbaycanda qaldığı üçün

37-ci ildə həbs olunur və ən dəhşətlisi odur ki, onun istintaq prosesini bolşevik ideologiyasının təsiri altında öz xalqına qarşı manqurtlaşan azərbaycanlı zabit aparır. Verilən
işgəncələrə, edilən zülmlərə baxmayaraq müstəqillik ideyalarına sadiq qalan, difaiçilərin siyahısını satqınlara verməyən Səlimə xanım isə əsər boyu bu gənc azərbaycanlı
zabitlə mübarizəsini davam etdirir və sonda hadisələrin gedişatını tam fərqli məcraya yönəldə bilir. Səlimə xanımın sayəsində gənc zabit gec də olsa öz bağışlanmaz səhvini anlayır və onu bu işə sövq edən erməni cəlladlarından qisasını alır… Vətənpərvərlik mövzusunda hazırlanan bu layihə ümumilikdə Azərbaycanın mübariz qadınlarının düşmənə qarşı barışmaz mövqeyini sərgiləyir”, – deyə Xalq artisti F.Məhərrəmov quruluş verdiyi tamaşa haqqında öz fikrini oxucularla belə bölüşdü.

Oxşar xəbərlər
OTACI