Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Müğənnilərin vergi təlaşı - “Qoy, kasıbçılığımızı çəkək”

15 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İncəsənət nümayəndələrinin, xüsusilə müğənnilərin toylarda, el şənliklərində “qaz vurub, qazan doldurmaları”nı hərə bir cür qələmə verir. İfaçıların bu çıxışlarının qarşılığında aldıqları qonorarlar cəmiyyətdə müzakirə olunan ən aktual mövzulardan biridir. Tez-tez sosial mediada sənətçilərin müəyyən zaman çərçivəsində şadlıq saraylarında çıxışlarının qiymətləri paylaşılır.

Millət vəkili Qüdrət Həsənquliyev noyabırın 14-də keçirilən Milli Məclisin plenar iclasında müğənnilərin 10-15 min manata toylara getməsi haqqında bəyanatlər səsləndirib:

“Buna görə də bu cür müğənnilərdən 30 manat vergi alınmasının nəzərdə tutulması düzgün deyil. Çəkməçidən isə beş manat vergi alınır”.

Press.az xəbər verir ki, qalmaqallı məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı bir sıra məşhurlarla əlaqə saxlayaraq, onların mövzu ilə əlaqədar fikirlərlərini öyrənib.

Müğənni Nadir Qafarzadə millət vəkili Qüdrət Həsənquliyevi tanımadığını bildirib, 2003-cü ildən bəri vergi ödəyicisi olduğunu dilə gətirib:

“Millət vəkili Milli Məclisdə daha ciddi problemləri həll etməkdənsə, oturub müğənnilərin pulunu hesablayır. İndi biz onların qazancının nə qədər olduğunu sayaq? Hazırda 15 min deyilən məbləğ yoxdur. Əvvəlki kimi toylar da yoxdur. İnsanlarda imkan da yoxdur ki, biz müğənnilərə yaxşı qonorar versin.

Boşanan evlənəndən daha çoxdur. Mənə elə gəlir ki, insanlar bundan sonra boşanmalarını qeyd edəcəklər (əsəbiləşir). O millət vəkilini yaxşı tanımıram. Günah ondadır ki, o, özünü yaxşı tanıda bilməyib. Yəqin, bir balaca da olsa, məsələ həll etməyib ki, onu tanımıram. Millət vəkilləri arasında hörmət bəslədiyim, yaxından tanıdığım insanlar da var.

Qüdrət Həsənquliyevə güc, qüvvət arzulayıram ki, xalqın başqa problemlərini üzə çıxarıb, onların həlli yollarını axtarsın. Əl çəksin müğənnilərdən! Arzusuna çatdı. Qurutdular o bulağı. Toylar da yoxa çıxıb. Evlənən də yoxdur. Başqasını pulunu saymaq düzgün, doğru deyil. Mən 2003-cü ildən bütün vergiləri ödəyirəm. Əvvələr toya daha çox getdiyimdən vergini də çox ödəyirdim, amma indi az qazandığıma görə az da ödəyirəm. Bir sözlə, nə artıq, nə də əksik... Nə istəyirsiniz bizdən? Qoy, kasıbçılığımızı çəkək”.

Müğənni Nura Suri belə məsələləri müzakirəyə çıxarmağın ayıb olduğunu bildirib:

“Bir millət vəkillinin mühüm məsələləri həll etməkdənsə, müğənnilərin pulunu sayması doğru deyil. İqtisadiyyat naziri (keçmiş Vergilər naziri) Mikayıl Cabbarov incəsənət nümayəndələri üçün vergini dörd faizdən iki faizə endirib. Həmin millət vəkilinə sizin sayt vasitəsilə bildirmək istəyirəm ki, əgər müğənnilərin nə qədər pul qazanması maraqlıdırsa, gəlib yanımızda otursun, görsün ki, biz nə qədər pul xərcləyirik və nə qədər xeyir gətiririk.

Mahnı almaq, klip çəkdirmək, konsert vermək, bəzənmək, geyinmək, gözəl görünmək, işçi saxlamaq, onun ailəsini saxlamaq, musiqiçilərdən tutmuş prodüserə kimi hamı öz vergisini ödəyir.

15 min manat - heç kim toylardan bu qədər pul qazanmır. 15 min deyəndə də o müğənni ilə birlikdə çalışan insanların qonorarıdır. Yəni müğənniyə oradan 2000-3000 pul çatır. Bunu necə anlamayasan? İnsan nəsə danışanda gərək öncə düşünsün. Bunları düşünməyib necə demək olar? Müğənni 15 mini öz cibinə qoymur.

İfaçı öz cibindən qalan pulundan iki faiz vergini ödəyir. İki faiz 30-50 manat ola bilər. Adi bir şeyi hesablamağı bacarmamaq, adi şeyi bilməmək və bu kimi məsələləri müzakirəyə çıxarmaq çox ayıbdır”.

Əməkdar artist Cavanşir Məmmədov millət vəkilinin “Müğənnilər 15 min manata toya gedib, 30 manat vergi ödəyir” çıxışına etiraz edib, həmin ifaçıların ad və soyadlarını açıq şəkildə söyləməyini tələb edib:

“16 nəfər musiqi kollektivi, ansambl ilə mən 3000-4000 min manata toya getmişəm. Vergimizi də vermişik. Yəqin, Qüdrət müəllim müğənniyə özü 15 min verib, ona görə bu müzakirəni Milli Məclisdə qaldırıb.

15 minə gedib 30 manat vergini bütün müğənnilərin ayağına yazmaq, şamil etmək yanlışdır. O qiymətə gedən müğənnilərin siyahısını televiziya vasitəsilə təqdim etsin. Ad və soyadı ilə bir-bir təqdim edib, sübutlarla danışsın. Açıqlama gətirsin. Bunu deyən millət vəkilidir, millətin adamıdır. Millətin seçdiyi vəkildir. Vəkillər hər şeyi açıqlamalıdır, şəffaf danışmalıdır. İstər parlamentdə, istərsə də məhkəmədə...

Millət də bilməlidir, hansı müğənni toya neçəyə gedir və nə qədər vergi ödəyir. Mən heç 5000 minə toya getmirəm. Əgər bir müğənni 15 minə toya gedirsə, o pulu ona verməsinlər, o da getməsin. Müğənni toy yiyələrdən guya o pulu güclə alır? İfaçıların heç biri cibə girmir. Xaricdən toylarına yarım milyon manata müğənniləri gətirirlər. Onları bəs niyə müzakirələrə çıxarmırlar. Niyə susurlar? Danışanda ad çəksinlər”.

Əməkdar artisti Elza Seyidcahanın mövzu ilə bağlı səsləndirdiyi fikirlər sərt olub:

“Vergi ödəmək hər bir vətəndaşın borcudur. Avropada bir çox məşhur müğənniləri götürsək, onlar cah-cəlallı və bahalı həyat tərzi sürürlər. Amma azərbaycanlı müğənnilərdə belə deyil. Bizim problemimiz olsa da, hamıdan gizlətməyə, büruzə verməməyə çalışırıq.

Tamaşaçılar da bizi varlı görmək istəyir. Məsələn, toy yiyələri qapıya qaçır ki, görsünlər müğənni hansı avtomobildən düşəcək. Bahalı maşındasansa, qonorarı artıq, ucuz maşında oldunsa, az verir. Maşın sənətdən daha önəmlidir. Əfsuslar olsun ki, sənətçiyə sənətinə görə dəyər, qiymət verilmir. Bu isə çox acınacaqlı bir haldır.

Bəzi müğənnilər də özlərini varlı göstərmək üçün 15 mini ortalığa atır. Altmış gün Məhərrəm ayı, 30 gün Ramazan ayı olur. Bunları da başa düşmək lazımdır. Müğənniləri müzakirə etməkdənsə, hörmətli millət vəkillərimiz daha ciddi problemləri həll etsinlər. Onlar bəstəkarların yazdığı yeni əsərləri xaricdə piar etmələrinə kömək etsinlər. Millət vəkilləri çalışsınlar ki, onların hesablarına gözəl konsertlər təşkil edilsin.

Ailəm acından ölməsin deyə mən - Elza Seyidcahan müğənni olmuşam ki, özüm öz əsərlərimə sponsorluq edim. Bizim bəzi millət vəkillərimizə müraciət etdim ki, Nəsimi ili bağlı Heydər Əliyev Sarayında konsert edirəm, gəlin, bilet alın... Saymadılar, kömək etmədilər. Amma elələri də oldu ki, öz cibindən bilet alıb, nəğmələrimi dinlədilər”.

Oxşar xəbərlər
OTACI