Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Paris Notr-Dama ithaf” tamaşası ayaqüstə alqışlandı

15 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 110-cu mövsümün ilk premyerası - böyük fransız yazıçısı Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi" romanının motivləri əsasında hazırlanmış “Paris Notr-Dama ithaf” tamaşası, tamaşaçılar tərəfindən ayaqüstə alqışlandı.

Press.az xəbər verir ki, yeni səhnə əsərinın quruluşu rejissoru və libretto müəllifi Samir Qulamovdur.

Tamaşanın ideya müəllifi və bədii rəhbəri isə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir. Bu tamaşa bəşəriyyətin ən nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri sayılan Paris Notr - Dam kilsəsində 2019-cu ilin 15 aprelində baş vermiş yanğın hadisəsinə ithaf olunub.

Tamaşa haqqında geniş məlumatı Press.az -a Azərbaycan Dövlət Akademik Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova bildirib.

Təkcə Fransız ədəbiyyatında deyil, bütövlükdə dünya ədəbiyyatı tarixində roman janrının yaradıcısı sayılan Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı “Paris Notr-Dam kilsəsi” əsərinin ölməz qəhrəmanlarının taleyi az qala 200 ildir ki, yer kürəsinin müxtəlif qitələrində yaşayan milyonlarla oxucu və tamaşaçını maraqlandırır, düşündürür.

Həyatda xeyirxahlığın, səmimiyyətin, fədakarlığın, mərhəmətin, saf məhəbbətin, ülvi duyğuların getdikcə daha çox öləzədiyi, dəbdən düşdüyü dövrlərdə bu əsərin diqtə etdiyi yüksək mənəvi duyğular insanları öz daxili dünyalarına boylanmağa vadar edir. Bəlkə də elə buna görədir ki, müxtəlif ölkələrin ən məşhur teatrları dönə-dönə bu əsrə müraciət edir, tanınmış kinorejissorlar sevimli qəhrəmanlarını daha geniş auditoriya təqdim etmək niyyəti ilə onların ekran həyatını yaradırlar. "Paris Notr-Dam kilsəsi” və ya "Notr-Damlı Qozbel" adları ilə məşhur olan tamaşa və filmlərin yüz milyonlarla tamaşaçısı var.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında hazırlanan tamaşanın musiqisi “Notre-Dame de Paris” müziklına görə Ginnesin “Rekordlar” kitabına düşən Riçard Konçiantenin və dünyaşöhrətli bəstəkarların - Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barber və başqa bəstəkarların əsərlərindən seçilib.

Möhtəşəm əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – ZakirYelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Vüsal Rəhim, ifa olunan musiqi mətnlərinin müəllifi şair İlqar Fəhmidir.

Yeni Musiqili tamaşanın dirijoru Səməd Süleymanlı, konsertmeyster Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova Əmrah Dadaşovdur. Səhnə əsərində rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər– Nadir Xasıyev, Səidə Şərifəliyeva, aktyorlar – Mehriban Zalıyeva, Aydan Həsənova, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hidayət Əliyev, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Eleanora Mehdiyeva, Zaur Əliyev, Əli Kərimov və başqaları ifa edəcəklər.

Press.az möhtəşəm tamaşadan şəkilləri sizlərə təqdim edir.

Oxşar xəbərlər
OTACI