Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ərdoğan: "Terrorçular Suriyanın şimalını tərk etməyə başlayıb"

18 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"PKK/PYD və YPG terror qruplaşmaları bu gün səhər saatlarından etibarən Suriyanın şimalında nəzərdə tutduğumuz təhlükəsizlik bölgəsini tərk etməyə başlayıb".

Press.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bu gün səhər milli müdafiə naziri Hulusi Akarla telefonla danışdım və o, mənə dedi ki, terrorçular nəzərdə tutduğumuz bölgəni tərk etməyə başlayıblar. Terrorçular 120 saat ərzində Suriyanın şimalını boşaltmalıdır. ABŞ-la əldə etdiyimiz razılaşmada da belə nəzərdə tutulub", Ərdoğan vurğulayıb.

O bildirib ki, Türkiyənin təhlükəsizlik qüvvələri bölgəni tərk etməyəcək və oradakı proseslərə nəzarəti davam etdirəcəklər: "Təhlükəsizlik qüvvələrimiz terrorçuların bölgəni, doğrudan da, tərk edib-etmədiklərinə nəzarət edəcəklər". 

R.T.Ərdoğan bölgədə atışmaların davam etməsi ilə bağlı yayılan məlumatları təkzib edib. O deyib ki, bununla bağlı məlumatlar təxribat xarakterlidir və həqiqəti əks etdirmir: "Mən milli müdafiə naziri ilə danışdım, o da dedi ki, bölgədə heç bir atışma yoxdur. Bununla bağlı yayılan məlumatlar dezinformasiyadır. Bunlara inanmayın. Əsas məqsəd əldə etdiyimiz razılaşmanın həyata keçirilməsinə dəstək olmaqdır".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlamışdı. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır.

Ötən gün ABŞ-ın vitse-prezidenti Maykl Pensin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub. O, Ankarada Türkiyə prezidenti R.T.Ərdoğanla görüşüb. Görüşdən sonra bölgədə 120 saat müddətində atəşkəs elan olunması və həmin müddətdə terrorçuların bölgəni boşaltması barədə razılıq əldə olunub. 

Oxşar xəbərlər
OTACI