Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xocavənd rayonunun işğalından 27 il ötür

02 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xocavənd rayonunun işğalından 27 il ötür.

Press.az-ın məlumatına görə, 1992-ci il oktyabrın 2-də Ermənistan Silahlı Qüvvələri Azərbaycan Respublikasının Xocavənd rayonunu işğal edib.

İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi yandırılaraq, əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib.

İşğalçılar 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidəni dağıdıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km avtomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək, yararsız hala salınıb.

Dörd ay mühasirədə qalan Qaradağlı kəndinə ermənilərin hücumu nəticəsində 77 nəfər şəhid olub, 110 kənd sakini girov götürülüb. Sonradan onların 49 nəfəri amansızlıqla qətlə yetirilib.

Ümumilikdə, xocavəndlilər 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla, 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"inin əldə etdiyi məlumatlara əsasən, rayon ərazisində əkilib-becərilən narkotik vasitələr müxtəlif ölkələrə satılır, ərazilər müntəzəm yandırılır, fauna və flora tamamilə məhv edilir, yararlı ağaclar qırılaraq Yerevana aparılır və digər ölkələrə satılır.

Xatırladaq ki, Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və 1 ədəd 2000 yaşlı Şərq çinarı qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində "Qırmızı kitab"a düşən, üçüncü dövrün relikt növü olan, diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində mühafizə məqsədilə əkilən ağaclar da kəsilib.

Oxşar xəbərlər
OTACI