Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yol polisi piyadalara cərimə yazmağa davam edir - Ekspertlər nə təklif edir?

17 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər naziri Vilayət Eyvazov piyadaların hərəkətinin tənzimlənməsi ilə bağlı yeni əmr imzalayıb.

Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, ötən ilin mart ayından Daxili İşlər nazirinin əmri ilə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması məqsədi ilə Bakı şəhərinin rayon polis idarələrinin, eləcə də respublikanın digər şəhər və rayon polis orqanlarının post-patrul xidməti əməkdaşlarına yol patrul xidməti inspektorlarına aid olan səlahiyyətlər verilmişdi: "O vaxt belə bir qərarın verilməsinə ehtiyac var idi. Lakin post-patrul xidməti əməkdaşlarının qayda pozanları saxlayaraq protokollar tərtib etməklə onları cərimələmələri piyadaların vaxt itkilərinə, bəzən də narazılıqlarına səbəb olurdu. Bütün bunları nəzərə alan Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bu günlərdə müvafiq əmr imzalayıb. Əmrə əsasən post-patrul nizami hissələri əməkdaşlarına verilmiş yol patrul xidməti inspektorlarına aid olan səlahiyyətlərə xitam verilərək qanunla müəyyən olunmuş vəzifələrinin icrasını davam etdirmək üçün onlar daimi xidmət yerlərinə qaytarılıblar. Eyni zamanda, nazir bu sahədə nəzarətin müasir texniki vasitələrin imkanlarından geniş istifadə edilməklə həyata keçirilməsi barədə Daxili İşlər Nazirliyinin aidiyyatı qurumlarına müvafiq tapşırıqlar verib”.

E.Zahidov açıqlamasında bildirib ki, Yol Patrul Xidmətinin bu səlahiyyəti özündə qalır, onlar bu işi davam etdirəcəklər: "Bu artıq xüsusi texniki vasitələrlə həyata keçiriləcək. Necə ki, sürücülər kamera vasitəsilə görüntülənib cərimələnir, piyadalar da o formada lentə alınıb şəxsiyyəti müəyyənləşdiriləcək. Amma əsas diqqət sürücülərə yönəldiləcək ki, piyada keçidlərində piyadalara yol verilməsində qanun pozuntuları baş verməsin”.

Bir neçə gün əvvəl bu xəbərin yanlış başlıq altında yayılması piyadalarda sevinc hissi yaşatdı. Çünki bəziləri düşündü ki, artıq yol hərəkəti qaydalarını pozan piyadalara cərimələr tətbiq edilməyəcək. Amma məsələnin məğzi tamam başqa imiş. Belə ki, piyadalara yol hərəkəti qaydalarını pozduqlarına görə cərimələrin yazılması prosesi davam etdiriləcək, sadəcə, bunu artıq post-patrul əməkdaşları yazmayacaq. Bütün səlahiyyət yol polisi işçilərinə həvalə edilir. Bu məqamda mövzu ilə əlaqədar bəzi suallar yaranır. Maraqlıdır, yol polisi bu nəzarəti həyat keçirmək potensialına malikdirmi, piyadaların qanun pozuntusuna yol verməmələri üçün başqa nə kimi tədbirlər görülə bilər?

 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı da qeyd edir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun bu göstərişi piyadaları arxayın salmasın ki, onlara cərimə tətbiq olunmayacaq: "Əslində yol hərəkətinin təhlükəsizliyinə cavabdeh qurum yol polisidir və bu funksiya da daim onun olub. Sadəcə olaraq, keçən ilin mart ayında zərurət yaranmışdı deyə, post-patrul xidmətinin əməkdaşları da oraya ezam olunmuşdular. İndi onların missiyası bitdi. Artıq yol polisləri rəsmi olaraq öz vəzifələrini icra edirlər. Əgər yol polisinin qarşısına yol hərəkəti qaydalarını pozan piyada çıxarsa, onlar necə ki, sürücüləri cərimələyirlər, piyadaları da eyni qayda ilə cərimələyəcəklər. Post-patrulun gördüyü iş müəyyən mənada yaxşı idi, amma son vaxtlar işi saatlara bölmüşdülər, səhərdən günortaya kimi 10 dənə protokol yazıb çıxıb gedirdilər və daha çox da xanımları, tələbələri cərimə edirdilər. Bəzi gənc oğlanlara heç yaxınlaşa da bilmirdilər. Ona görə də bu tipli şikayətlər nazirliyə çatdırılıb, nəticə olaraq belə bir qərar verilib”.

E.Muradlının sözlərinə görə, ola bilər ki, yol polisi əməkdaşlarının sayı artırılsın: "Düşünürəm ki, rayon yol polisi şöbələrinə ezam olunmuş əməkdaşların yerinə daimi işləyən əməkdaşlar götürülməlidir. Hazırda rayon yol polisinin hər şöbəsində təxminən 15 əməkdaş işləyir. Bu 15 nəfərin hamısı eyni anda xidmətdə ola bilmir və nəticə etibarilə piyadalara nəzarəti həyata keçirmək çətin olacaq. Ona görə də düşünürəm ki, yol polisi əməkdaşlarının sayı artırılmalıdır. Məsələnin digər tərəfi isə odur ki, hər bir insanın öz düşüncə tərzi var, cərimə ilə nə isə aşılamaq mümkün deyil. Təbliğat işini boş buraxmaq olmaz, təbliğat işini gücləndirmək lazımdır”.

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə bu məsələdə ictimai şüurun dəyişməli olduğunu qeyd etdi: "Ölkəmizdə təxminən 9 milyondan çox piyada var. Azərbaycanın bütün polis əməkdaşlarını küçələrə töksək də, həmin piyadalara total nəzarəti təmin edə bilmərik. Ona görə bu məsələyə yanaşma fərqli olmalıdır. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, orada küçələrdə yol polisi avtomobilləri, eləcə də polis əməkdaşları az görünürlər. Çünki həmin ölkələrdə əsas məsələ insanların düşüncəsində, yanaşma tərzindədir. Yəni, insanlar arasında maarifləndirmə, təbliğat işləri aparmaq lazımdır. İnsanlara izah etmək lazımdır ki, yol hərəkəti qaydalarını pozduqları təqdirdə nə kimi bədbəxt hadisələr baş verə bilər. Ona görə yol polisi əməkdaşlarının sayını artırmağa yox, ictimai şüurun inkişafına çalışmalıyıq. Düşüncə dəyişməsə, istədiyimiz nəticənin əldə olunması müşkül məsələdir”.

Avtosfer.az

 

Oxşar xəbərlər
OTACI