logo
First slide

DİN Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb

14 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyi (DİN) Tovuz Rayon Xalq Məhkəməsinin keçmiş sədri Firuddin Ələkbərlinin güllələnərək qətlə yetirilməsi hadisəsi ilə bağlı məlumat yayıb. 

DİN-in Mətbuat xidmətindən Press.az-a verilən məlumata görə, sentyabrın 13-də saat 9 radələrində Tovuz şəhəri ərazisində Qədirli kənd sakini, əvvəllər məhkum olunmuş Firuddin Ələkbərlinin işlədiyi ofisə gələn Yanıqlı kənd sakini Əli Şəmiyev münaqişə zəminində odlu silahdan açdığı atəşlə ona xəsarət yetirib.

Ə.Şəmiyev könüllü olaraq Tovuz Rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olub, cinayəti törədərkən istifadə etdiyi “Makarov” markalı tapançanı və 16 ədəd patronu təhvil verib.

Xəstəxanaya yerləşdirilən F.Ələkbərli orada ölüb.

Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) və 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edək ki, Ə.Şəmiyev rayonda tanınmış iş adamıdır. Onun rayon ərazisində restoran, otel və bir neçə biznes obyektlərinin olduğu bildirilir. F.Ələkbərli isə Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədri olub. O, 1995-ci ildə fəaliyyətində qanunun kobudcasına pozulmasına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.

Oxşar xəbərlər