logo
First slide

Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən müsabiqə başa çatıb

04 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsi başa çatıb. 

Bu sözləri jurnalistlərə açıqlamasında Heydər Əliyev Mərkəzinin nümayəndəsi Zafiq Xəlilov deyib.

Münsiflər heyətinin qərarı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. 

Landşaft memarlığı, bağça-park və şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar heykəltəraşların qatıldığı müsabiqəyə ümumilikdə 26 layihə təqdim edilib. Ötən müddət ərzində təqdim olunan ərizə və eskizlər (maketlər) Heydər Əliyev Mərkəzində, eləcə də müsabiqənin elektron poçt ünvanında qəbul olunub.

Z.Xəlilovun sözlərinə görə, müsabiqədə tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəllif də iştirak edir. Müsabiqədə iştirak edənlər arasında Azərbaycanın məşhur heykəltəraşları – Xalq rəssamları Xanlar Əhmədov, Natiq Əliyev, Ömər Eldarov, Səlhab Məmmədov, Əməkdar rəssam Azad Əliyev, həmçinin Cəlil Qaryağdı da var. Azərbaycandan kənarda yaşayan tanınmış heykəltəraş Rahib Həsənov da müsabiqəyə layihə təqdim edib.

Müsabiqəyə Azərbaycanın bölgələrindən də (Gəncə şəhəri və Saatlı rayonu) heykəltəraşlar qoşulublar. “İctimaiyyətdə böyük maraq yaratdığına görə peşəkarlarla yanaşı, həvəskarlar da müsabiqəyə qatılıblar. Belə ki, ixtisasca hüquqşünas olan, həvəskar heykəltəraş İlkin Məmmədov layihə təqdim edənlər arasındadır.

Təqdim olunan eskizlərdə Hacı Zeynalabdin Tağıyevin faytonu, buxara papağı, ənənəvi libası, təsbehi, əsası, orden və medalları, bənnaçılıqdan başlayaraq tikinti ustası və təşkilatçısı kimi formalaşması, onu milyonçuya çevirən neft buruqları, təhsilə qayğısı əsas elementlər kimi göstərilir.

Təşkilat komitəsi verilən ərizə və eskizlər arasından bir qalib müəyyənləşdiriləcək. Müsabiqə iştirakçılarının seçimi mövzuya uyğunluq, müəllif mülahizəsinin və icra edilmə səviyyəsinin peşəkarlığı, təqdim edilmiş kompozisiyanın materialının emal texnologiyasına uyğunluğu kimi meyarlar üzrə həyata keçirilir.

Heykəlin ucaldılması müəllifin və ya onun müvəkkili olan şəxsin bilavasitə müşahidəsi altında, müsabiqənin təşkilatçısı tərəfindən seçilmiş yerdə həyata keçiriləcək.

Hacı Zeynalabdin Tağıyevin heykəlinin “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılması nəzərdə tutulur.

Qeyd edək ki, müsabiqəyə ərizə və eskizlər bu ilin aprelin 25-dən iyunun 30-dək qəbul olunurdu. Müsabiqəyə olan maraq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov və bir sıra heykəltəraşların müraciətləri nəzərə alınaraq müsabiqə avqustun 31-dək uzadılmışdı.

Oxşar xəbərlər