logo
First slide

“Qarabağ”ı keçmək əzmi - irlandlar tarixi oyunu gözləyir

19 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şimali İrlandiya mətbuatı və “Linfild” komandası bu həftə Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyunu maraqla gözləyir. Çünki bu ölkənin nüfuzlu “Belfast Telegraph” nəşrinin də yazdığı kimi, “Qarabağ”ı keçməklə “Linfild” Avroliqanın qrupuna düşən ilk ölkə klubu olacaq. 

Onlar bildirirlər ki, bu, təkcə nəticə baxımdan deyil, həm də maddi olaraq klubun büdcəsinə müsbət təsir edəcək. “Linfild” artıq 1,2 milyon funt gəlir əldə edib. Qrupa düşəcəyi halda isə bu rəqəm 4 milyona çatacaq.

Ümumiyyətlə, hazırda mətbuatda yazılanları oxuyandan bu nəticəyə gəlmək olar ki, hər nə qədər favorit “Qarabağ” sayılsa da, qarşı tərəf matça ciddi hazırlaşır və mərhələni keçmək əzmindədir. “Belfast Telegraph” daha sonra qeyd edir: “Avroliqada qrup oyunları həftənin dördüncü günü, yerli liqada oyunlar isə adətən şənbə günləri keçirilir. Ona görə də “Linfild”in rəhbərliyi düşünür ki, qrupa düşsələr, onlara daxili çempionat matçına hazırlaşmaq üçün əlavə daha bir gün lazım olacaq”.

“Linfild”in qrupa düşüb-düşməyəcəyini, təbii ki, qarşıdakı iki matçın nəticəsi həll edəcək. Lakin indidən klub yerli federasiyadan narazlıq edir ki, ötən şənbə günü “Kolreyn”lə ev matçı təxirə salınmalı idi. Həmin görüşdə “Qarabağ”ın rəqibi 2:4 hesabı ilə uduzub. Hazırda komanda 2 oyundan 3 xalla 8-ci pillədə qərarlaşıb.

“Linfild”in rəhbəri Roy MakQivern bildirir: “Qrup mərhələsinə düşmək komandamız üçün böyük uğur olar. Bizim əlavə oyunlarımız olacaq. Ona görə də bəzi məqamlar nəzərə alınmalıdır. Qrupa düşməyimiz klubun imicini artıracaq. Əlbəttə, maliyyə baxımdan da qazanc əldə edəcəyimizi unutmamalıyıq”.

“Kolreyn”in baş məşqçisi Oran Kirni də “BBC”yə deyib ki, matç təxirə salınmalı idi: “Mən oyundan sonra Devidə də (“Linfild”in baş məşqçisi Devid Xili – red.) söylədim ki, matçın hansı nəticə ilə yekunlaşmasından asılı olmayaraq, bu görüş başqa günə keçirilməli idi”.

 “Linfild”in 40 yaşlı baş məşqçisi Devid Xili də deyilənlərlə razılaşır: “Biz başa düşürük ki, yerli liqada oyun keçirməliyik. Amma dördüncü günü, yəqin ki, Şimali İrlandiya futbolu tarixində ən böyük matç olacaq (“Qarabağ”la oyun nəzərdə tutulur”).

Qeyd edək ki, düz 53 dəfə Şimali İrlandiya çempionu olmasına baxmayaraq, “Linfild” digər ölkə klubları kimi, Avropa kuboklarında ciddi uğurlara nail ola bilməyib.Komandanın ən yüksək nəticəsi kimi, yalnız 1966/67 mövsümünü qeyd etmək olar. O vaxtkı qaydalara görə, “Linfild” cəmi iki mərhələdə uğur qazandıqdan sonra Avropa Çempionlar kubokunda 1/4 finala qədər yüksəlib və orada SSKA Sofiyaya uduzub (2:2, 0:1). Bundan sonra UEFA-nın digər bütün yarışlarında isə “Linfild” ən yaxşı halda təsnifat mərhələsində ikinci mərhələyə kimi gəlib. Bu mənada, komandanın indi Avropa Liqasında pley-offa yüksəlməsi belə, klub tarixinin ən böyük uğuru sayılmalıdır. “Linfild” qrupa düşəcəyi halda isə bu, elə klubun təmsilçilərinin söylədiyi kimi, Şimali İrlandiya futbolunda ən böyük qələbə olacaq.

Və sonda...

“Linfild” ev oyunlarını paytaxt Belfast yaxınlığındakı “Uindzor Park” stadionunda keçirir. Arenanın 24 min tamaşaçı tutumu var. Bu mövsüm Avropa kuboklarında azarkeşləri qarşısında onlar ilk olaraq Çempionlar Liqasının birinci mərhələsində Norveç “Rusenborq” ilə qarşılaşıblar (evdə 0:2, səfərdə 0:4). Daha sonra komanda Avroliqanın ikinci mərhələsinə düşüb. Burada isə “Linfild” əvvəlcə Farer adalarının “Torshavn” (1:0, 2:2), üçüncü mərhələdə isə Çernoqoriyanın “Sutyeska” (3:2, 2:1) klublarını məğlub edərək mübarizədən kənarlaşdırıb.

Avqustun 22-də isə “Linfild” azarkeşləri qarşısında daha böyük qarşılaşmaya – “Qarabağ”la Avroliqanın pley-off görüşünə çıxacaq...

Qol.az

Oxşar xəbərlər
Category news

tr_star

16 Sep 2019