Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İçərişəhərdə Bakı Xanları Evində bərpa işlərinin bitmə tarixi və YENİLİKLƏR - FOTO

27 Jul 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vaxtilə qədim Bakının gözoxşayan binalarından biri olan “Bakı Xanlarının Evi” Kompleksində artıq ötən ildən etibarən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən geniş miqyasda bərpa işləri aparılır.

Bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı Zeynəb Cahan deyib.

Onun sözlərinə görə, Böyük Qala küçəsi 44, 46, 48, 50 ünvanlarında yerləşən, inşa tarixi XVII-XVIII əsrlərə aid edilən bu abidə yaxın gələcəkdə əsaslı yenidənqurma işlərindən sonra muzeyə çevriləcək:

“Tarixi abidədə yaradılacaq müasir innovativ vasitələrin istifadə olunacağı yeni muzey ziyarətçiləri Bakı tarixinin klassik orta əsrlərinə aparacaq. Kompleksə daxil olan iki bina yeni yaradılacaq muzeyin əsasını təşkil edəcək. Muzeyin ekspozisiyası isə son dərəcə rəngarəng, maarifləndirici və innovativ xüsusiyyətlərə malik olacaq. Geniş elmi fəaliyyət, tarixi faktlar, incəsənət nümunələri və texnologiyanın ən son uğurları əsasında yaradılacaq bu məkan Azərbaycanda ilk 3D formatında fəaliyyət göstərən muzey olacaq. Qonaqlar öncə Bakı şəhərinin yaranması, yaşayış məntəqəsi və paytaxt kimi keçdiyi dövrü əhatə edən animasiya filmini izləyəcəklər”.

Z.Cahan bildirib ki, əsas etibarilə Bakı tarixinin orta əsrlər dövrünü əks etdirəcək ekspozisiyada ziyarətçiləri olduqca həyəcanlı və maraqlı səyahət gözləyir:

“İçərişəhərin orta əsr tarixini və mədəniyyətini əks etdirəcək 8 tematik otaq sənətkarlıq məhəlləsi, gömrükxana, hamam, kulinariya, karvansaray, bazar, şahın guşəsi, yeraltı yolu nümayiş etdirərək qısa metrajlı filmlər vasitəsilə canlanacaq. Ziyarətçilər audio-bələdçi vasitəsilə filmləri izləyərək hər bir otaqda o dövrə səyahət edəcək. Bu səyahət zamanı onlar həmin dövrdə hazırlanan təamların qoxusunu duyacaq, insanların səsini, musiqini eşidəcək. Bu tematik bölmədən sonra isə ziyarətçilər sərbəst zonaya daxil olaraq müxtəlif informativ panelləri seçə bilərlər. Burada kompleksdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən artefaktların nümayiş olunacağı panel, Bakı xanlarının tarixçəsini əks etdirən bölmə, qədim və müasir Azərbaycana dair sualların səsləncəyi viktorina guşəsi, məşhur ipək yolu haqqında bölmə və qazıntılar zamanı aşkar edilən taxıl zirzəmisi təqdim ediləcək”.

Qoruğun sözçüsü əlavə edib ki, ən cəlbedici məqam 3D otağının yaradılması ilə bağlıdır. Burada qonaqlar xüsusi eynəklər vasitəsilə Bakının qədim dövrünə səyahət edərək səyyahla tanış olacaq, şəhəri gəzəcək, tarixi abidələrə daxil olacaq: “Həmçinin valideynlərin muzeylə rahat tanış olması, uşaqların həm əylənməsi, həm də maariflənməsi üçün ayrıca intellektual oyunların keçiriləcəyi guşə təşkil ediləcək. Bununla yanaşı, sosial şəbəkələrdə fəal olan şəxslərin dərhal öz təəssüratlarını bölüşməsi üçün də panel fəaliyyət göstərəcək. Eyni zamanda muzeyin daxilində yerli və ya xarici sərgilərin qəbulu və nümayişi üçün ayrıca salon da yaradılacaq”.

Z.Cahan kompleksdə bərpa işlərinin bitmə tarixi barədə də danışıb:

"Tikinti sahəsinin ətrafında çəkilmiş sədd üzərində əks edilən rəsmi məlumatlarda İdarə bərpa işlərinin gələn ilin I yarısında başa çatdırılacağını qeyd edilib. Əlbəttə ki, bu tarix abidənin bərpa işlərinin xüsusiyyətlərini, həmçinin muzey ekspozisiyasının yaradılmasının müddətini nəzərə alaraq hesablanıb. İçərişəhərdə aparılan əksər qazıntı işləri zamanı yeni mədəni təbəqələr aşkar edilir. Uzun əsrlər burada yaşayış məntəqəsi mövcud olduğuna görə bərpa işləri zamanı torpağın daha dərin qatlarından müəyyən maddi-mədəniyyət nümunələri tapılır. Həmçinin abidənin bərpa işinin və ekspozisiya yaradılmasının elmi baxımdan kifayət qədər səbir və diqqət tələb edən iş olduğunu nəzərə alsaq, muzeyin göstərilən tarixdən daha gec açılmasını istisna etmirik. Şübhəsiz ki, bütün yaradıcı komandamız işlərin qeyd edilən vaxta qədər yüksək səviyyədə başa çatması üçün çalışacaq".

Trend

Oxşar xəbərlər
OTACI