Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Evini başına uçurdular: 2 aylıq körpəsi son anda ölümdən xilas edildi – VİDEO

20 Mar 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“2003-cü ildə Yasamal rayonu, Ayna Sultanova ev 29 ünvanında gözəl bir ev alanda çox sevinmişdik. Lakin bilmirdik ki, sonradan bu evdə yaşamaq bizim üçün böyük problem olacaq”.

Presss.az xəbər verir ki, bu sözləri BAKU.WS-ə şikayətində paytaxt sakini Səbuhi Təvəkkül oğlu Təvəkkülov bildirib. Onun sözlərinə görə, aldığı evdə ailəsilə firavan yaşayışına zəhər qatan isə “Yasamal-M” tikinti şirkəti olub.

“2016-cı ildə “Yasamal-M” MMC şirkətindən gəldilər və dedilər ki, evdən çıxın. Səbəb isə həmin şirkətin bizim və qonşuluqdakı evlərin yerində 16 mərtəbəli bina tikmək istəyi idi”, - deyə Səbuhi Təvəkkülov bildirib.

Şikayətçi deyir ki, şirkətdən onların evinin müqabilində yeni ev təklif etsələr də, bu onun üçün məqbul variant olmayıb:

“Bizim evin sahəsi 100 kv-dir və tam təmirlidir. İndi onun yerinə Kürdəxanıda tikdikləri yeni binada ev təklif ediblər. Yol uzaq olduğu üçün razı olmadıq. O zaman bildirdilər ki, sökülən evlərin yerində yeni bina tikəcəklər.

Həmin bina 2 ildən sonra hazır olacaq. Həmin binadakı evdən təmirsiz və sənədsiz mənzil verəcəklərini deyiblər. Ona da razı olmadıq”.

 


Səbuhi Təvəkkülovun sözlərinə görə, tikinti şirkəti razılaşmadıqları üçün onları evlərindən zorla çıxarmağa çalışıblar. Şikayətçi bir neçə dəfə şirkəti məhkəməyə verib. Lakin tikinti şirkəti məhkəmənin qərarını gözləmədən ötən gün ev sahiblərini qorxutmaq üçün işə başlayıb.


“Dünən evimin üstünü sökməyə başlayıblar. Dünən saat günorta 4 radələrində evdən zəng vurdular ki, evdə oturmaq olmur. Evdə 2 aylıq körpə də var. Uşaq yatmışdı, tez onu qucağıma aldım.



FHN-ə zəng vurmaq istəyirdim ki, qəfil tavan uçdu. Yaxşı ki, körpəni hadisədən bir neçə dəqiqə əvvəl şarpayıdan götürmüşdüm”.

Səbuhi Təvəkkülov deyir ki, tikinti şirkəti qəsdən belə edir:

“Onlardan nə üçün belə etdiklərini soruşduqda, deyirlər ki, evdən köçün”.

Hadisədən dərhal sonra ev sahibləri aidiyyatı qurumlara zəng ediblər. Evə baxış keçirilib və məsələ araşdırılmağa başlanılıb.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin ərazi komissarı Sərdar müəllim bildirib ki, məsələ araşdırılacaq.

“Hadisə ilə bağlı rəhbərliyə müraciət etdik. Rəhbərlikdən bildirdilər ki, tikinti şirkətinə tapşırılsın ki, vətəndaşların təhlükəsizliyi təmin edilsin. Bir də, Yasamal rayon İcra Hakimiyyətinə tapşırdıq ki, işi nəzarətə götürsün”, - deyə nazirlik rəsmisi bildirib.

Yasamal rayon İcra Hakimiyyətindən BAKU.WS-ə bildirilib ki, məsələ araşdırılır.

“Uçulan evin şəkilləri çəkilib və məsələ araşdırılmaq üçün İcra Hakimiyyətinin aparatına göndərilib”, - deyə məlumat verilib.

Məsələ ilə bağlı “Yasamal-M” MMC şirkətilə də əlaqə yaratdıq. Şirkətin ərazi üzrə komendantı Emin Paşayev BAKU.WS-ə bildirdi ki, hazırda bu məsələ məhkəmədədir. 

“Tikinti işi aparılır. Həmin ev sahibi ilə də razılaşa bilməmişik. Bu telefon söhbəti deyil. Heç kimə ziyan vurulmayıb. Hazırda tikinti işləri gedir. Bu iş məhkəmədədir”, - deyə şirkət əməkdaşı bildirib.

Emin müəllim əlavə edib ki, tikinti zamanı mənzilə vurulan ziyanla bağlı bir söz deyə bilməyəcək.

Məsələni diqqətdə saxlayacağıq. Ümid edirik ki, şirkətin maddi qazanc əldə etmək istəyi vətəndaşın şəxsi mülkiyyətin toxunulmazlığı hüququnu üstələməyəcək və məsələ öz obyektiv həllini tapacaq!  








Oxşar xəbərlər
OTACI