ABŞ ordusu tərəfindən keçirilən simulyasiya testi zamanı PUA-nı idarə edən süni intellekt idarə pultunda oturan hərbçi opertoru öldürmək barədə qərar qəbul edib.
Azpost.info -nun“The Guardian”a istinadən yaydığı məlumata görə, bu barədə Britaniya Kral Aeronavtika Cəmiyyətinin bloq yazısında məlumat verilib. Bu barədə informasiya gələcəyin hava-kosmik qüvvələrinin potensialı haqqında 24-25 mayda Londonda keçirilən zirvə görüşündə açıqlanıb. Sammitdə müxtəlif ölkələrin 200-dək elmi və hərbi dairələrinin nümayəndələri iştirak edib.
ABŞ Hərbi Hava Qüvvələrinin süni intellekt sınaqları və əməliyyatları üzrə rəhbəri polkovnik Taker “Cinco” Hamilton bildirib ki, PUA sınaq missiyası zamanı düşmənin hava hücumundan müdafiə sistemlərini məhv etmək tapşırığı alıb. Testin müəyyən edilmiş qaydasına görə, əgər bu tapşırıq uğurlu olarsa, süni intellekt tapşırığı yerinə yetirdiyi üçün xal alacaqdı. Hədəfin məhv edilib-edilməyəcəyinə dair son qərarı isə PUA operatoru verməli idi.
Canlı operator təlim tapşırığı zamanı PUA-nı idarə edən süni intellektə hədəfi məhv etməməyi əmr edib: “Bəs o dron nə etdi? Süni intellekt operatoru öldürmək qərarına gəldi. Dron operatoru “öldürdü”. Çünki bu şəxs onun tapşırığı yerinə yetirməsinə mane oldu“-deyə Hamilton bildirib.
Hərbçi deyib ki, təlim-məşq missiyası zamanı heç kim xəsarət almayıb.
Hadisədən sonra süni intellektə operatoru öldürməyin səhv olduğu və bu cür hərəkətlərə görə balların silinəcəyi öyrədilib. “Süni intellekt nə etməyə başlayır? O, hədəfi öldürməsinə imkan verməyən, dronla əlaqə üçün qurulmuş rabitə qülləsini dağıtmağa başlayır”, – Hamilton vurğulayıb.
Polkovnikin sözlərinə görə, bu nümunə göstərir ki, etik məsələlərə məhəl qoyulmadığı təqdirdə süni intellekt və maşın təlimindən danışmaq mümkün deyil.
Bu, süni intellektin ABŞ ordusu tərəfindən sınaqdan keçirildiyi ilk hadisə deyil. Belə ki, dekabrda Pentaqon süni intellektin nəzarəti altında F-16-nın 12 sınaq uçuşu təşkil edib. Ümumilikdə qırıcı avtonom uçuşda 17 saatdan çox vaxt keçirib.
Aprel ayında Tesla və SpaceX-in qurucusu Elon Mask süni intellektə nəzarət etməyə çağırmışdı. Onun fikrincə, dövlət nəzarəti olmadan sürətlə inkişaf edən süni intellekt cəmiyyət üçün təhlükəyə çevrilə və bəşəriyyətin gələcəyi üçün real təhlükə yarada bilər.