Yuxu sağlam bir həyat üçün böyük əhəmiyyətə malikdir. Biz gün ərzində sərf etdiyimiz enerjini yuxu vasitəsilə bərpa edirik. Nizamlı yuxu həm də ruhumuzun sağlamlığı deməkdir.
Press.az Axşam.az-a istinadən xəbər verir ki, yuxusuzluq sağlamlığımıza zərbə vuran ilkin əlamətlərdən biridir. Yuxusuz insan aqressiv olur, düzgün qərarlar qəbul edə bilmir, yaddaşı zəifləyir. Həmçinin onun nəfəs yollarında problemlər yaranır.
Yuxusuzluğun növləri
· Çətin yatmaq
· Tez oyanmaq
· Gecələr dəfələrlə durmaq
· Nəhayət, yuxunun tamamilə olmaması
Hər dörd hal sonradan tamamilə yuxusuzluğa gətirib çıxarır.
Yuxusuzluq orqanizmdə bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Qanda oksigen çatışmazlığı, dəyişikliklər meydana gəlir. Yuxusuzluq zamanı həmçinin ürək, ağciyər və hormonal xəstəliklər də özünü göstərir.
Yuxusuzluğun fəsadları
Hazırda dünyada ən çox yayılan və qarşısı alına bilinməyən xəstəlik məhz yuxusuzluqdur. Belə ki, dünyada hər on insandan beşi yuxusuzluğun müxtəlif növlərindən əziyyət çəkir. Alimlərin araşdırmaları nəticəsində məlum olub ki, yuxusuzluq zamanı insanda müxtəlif xəstəliklər əmələ gəlir.
Mütəmadi şəkildə 6 saatdan az yatmaq bir müddətdən sonra qandakı şəkərin miqdarını sürətlə artırır. Şəkərli diabetin yaranmasına səbəb bədəndəki insulinin hüceyrələrə nəqli zamanı yaranan pozğunluq nəticəsində qlükozanın qanda yığılması və bu zaman mədəaltı vəzin normadan artıq insulin ifraz etməsidir. İnsulini normada saxlayansa yuxudur. Yuxusuzluq həmçinin cinsi pozğunluğa və astma xəstəliyinin yaranmasına gətirib çıxarır.
Yuxusuzluğun yaratdığı digər bir fəsadsa xərçəng xəstəliyidir. Yuxu pozğunluğuna qarşı tədbir görülməzsə, bu, ölümlə nəticələnə bilər. Alimlərin qənaətinə görə, yuxusuzluq özünüöldürmə həddinə belə gətirib çıxarır.
Yuxusuzluğun səbəbi:
Tibb elmində "insomnia" adlanan yuxusuzluğun yaranmasına səbəb aşağıdakılardır:
· Vərdiş olunmamış yataq, səs-küy, havasızlıq
· Yatmazdan əvvəl tərkibində kofein olan qidalar, içkilər qəbul etmək
· Axşam ağır və yağlı yeməklər yemək
· Sinir pozğunluğu
· Normal həyat tərzini dəyişmək
· Stress, narahatçılıq
· Artıq çəki
· Qorxu, depressiya
· Mədəaltı vəzin narahatçılığı, mədədə köp
· Bronxial, ürək və ağciyər xəstəlikləri
· Soyuqdəymə zamanı ağrılar
Müalicəsi:
Yuxusuzluq zamanı yuxugətirən dərmanların qəbulu digər xəstəliklərin yaranmasına səbəb ola bilər. Belə ki, bu dərmanlar qaraciyərin çürüməsinə səbəb olur. Buna görə də belə dərmanları qəbul edərkən çoxlu süd məhsulları yemək lazımdır. Ən əsası isə həkimə müraciət edib, yuxusuzluğun hansı səbəbdən yarandığını müəyyən etmək lazımdır.
Yuxusuzluqdan əziyyət çəkənlər
· Tərkibində kofein olan içkilərdən uzaq olmalı
· Yuxudan 3 saat əvvəl yemək yeməli
· İstiotu az olan yeməklərdən istifadə etməli
· Yatmazdan əvvəl heç bir dərman qəbul etməməli (sakitləşdiricidən başqa)
· Sakit, qaranlıq otaqda yatmalıdırlar