Qarşıdan isti havaların gəlməsi gün eynəklərinə olan tələbatı artırır. Gün eynəklərinə olan ehtiyac qiymətlərdə də özünü göstərir. Bir qisim insanlar münasib qiymətə, görünüşə, digərləri isə məhz keyfiyyətə önəm verirlər.
Bəs günəş şüalarından qorunmaq üçün aldığımız gözlüklərdə ən çox nələrə diqqət etməliyik?
Press.az BiG.AZ-a istinadla xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilat metodiki bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bildirir ki, eynək göz üçün zərərli olanda göz qızarır, sulanır və quruyur. Belə eynəklərin rəngi tünd olanda isə göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da gözün qıcıqlanmasına, iltihaba, daha sonra isə göz büllurunun bulanaraq görmənin zəifləməsinə səbəb olur.
Ucuz eynəkləri istifadə edən insanların yorğunluqdan, baş ağrılarından şikayət etdiyini deyən Yazgül Abdıyeva həmçinin vurğuladı ki, belə keyfiyyətsiz eynəklər göz xəstəliklərinin artmasına səbəb olur. Bu eynəklər gözün bülluruna pis təsir edərək katarakt xəstəliyinin yaranmasına səbəb olur ki, onun da eynək və dərman vasitələri ilə müalicəsi mümkün deyil, çünki yetişmiş kataraktdan qurtulmanın yeganə yolu yalnız cərrahi əməliyyatdır. Keyfiyyətsiz eynəklər gözdə xərçəng xəstəliyinin yaranmasına da gətirib çıxarır. Belə halların baş verməməsi üçün həkimin tövsiyəsi əsasında düzgün diopteriyalı gün eynəyi alınmalıdır.
Mənşəyi məlum olmayan eynəklərin istifadəsinin gözə yalnız zərər verə biləcəyini vurğulayan oftolmoloq, insanların əksəriyyətinin bunun fərqinə varmadığını deyir:
"Əhali arasında keyfiyyətsiz gün eynəklərinin orqanizmə ziyanları ilə bağlı xeyli məlumatsızlıq var. Buna görə də bu məsələ ilə bağlı maarifləndirmə işləri genişləndirilməlidir".
"Eynəklərə qulluq da çox önəmlidir".
"Gözə hər hansı virusun düşməməsi üçün istənilən növ eynəklər hər gün istifadədən əvvəl və sonra adi maye-sabunlu su ilə yuyulub təmizlənməlidir. Spirt tərkibli dezinfektantlar eynəklərdə müxtəlif məqsədlə təyin olunmuş örtükləri zədələyir. Odur ki yalnız eynəyin gigiyenası üçün nəzərdə tutulmuş xüsusi məhlullardan istifadə etmək məsləhətdir. Şüşəsi cızılmış eynək də artıq öz keyfiyyətini itirir. Belə ki, cızılmış yerlərdən ultrabənovşəyi şüalar gözə təsir edə bilir. Buna görə də belə eynəklərdən istifadə məsləhət görülmür.
Eynəkləri hansı məqsədlə istifadə etməyimizdən, onu gözlərimizi günəş işığından qorumaq, yaxud görünüşümüzü tamamlamaq üçün taxmağımızdan asılı olmayaraq, məhsulun keyfiyyətinə xüsusi diqqət yetirməyimiz lazımdır. Əks halda bunun fəsadlarını illər sonra görəcəyik. Gözlərimizin qədrini bilib hər zaman keyfiyyətli eynək alarıqsa, o zaman kor ola bilmək təhükəsindən də qurtulmuş olarıq".