Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyanın missiyası niyə yekunlaşdı: Kreml sülh prosesinin həlledici mərhələsində olmayacaq

25 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun KTMT toplantısında "Dağlıq Qarabağ" ifadəsinə yer verdiyi açıqlaması Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdidir... Böyük ehtimalla Kreml Rusiyada növbəti üçtərəfli görüşün təşkilini planlaşdırana qədər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi Avropa paytaxtlarından birində yəqin ki, artıq imzalanmış olacaq...

Cənubi Qafqazda sülh prosesi son mərhələyə yaxınlaşır. Vaşinqton və Brüssel görüşləri Azərbaycan və Ermənistanı yekun sülh sazişini imzalamağa ciddi şəkildə yaxınlaşdırıb. Azərbaycan və Ermənistan qarşılıqlı olaraq, bir-birinin ərazi bütövlüyünü tanıyıblar. Və bu, sülh sazişinin imzalanması qarşısında olan əsas əngəllərdən birinin aradan qalxmaq üzrə olduğunu göstərir.

ABŞ və digər Qərb siyasi iradə mərkəzləri də Cənubi Qafqazda sülh prosesinin uğur qazanma ehtimalını yüksək qiymətləndirirlər, hər cür dəstək verməyə hazır olduqlarını təkrarlayırlar. Belə anlaşılır ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün ümumiləşmiş beynəlxalq və regional mühit formalaşmaq üzrədir. Hətta baş nazir Nikol Paşinyanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsindən sonra rəsmi İrəvan Ermənistan cəmiyyətini buna hazırlamağa da başlayıb.

Ətraflı

 

Rəsmi İrəvan hazırda Ermənistan cəmiyyətinə Ermənistanın dövlət maraqlarını "Qarabağ iddiaları"na qurban verilməsinin erməni toplumunu düşürə biləcəyi faciəvi situasiyanı izah etməyə çalışır. Erməni baş nazir əvvəlcə Avropa Birliyinin mülki müşahidə missiyasının Ermənistanın təhlükəsizliyi üçün effektiv olmadığını bəyan etdi. Ardınca da Ermənistanın üzv olduğu KTMT-nın göndərəcəyi 30 nəfər "güclü müşahidəçi"nın ölkəni Azərbaycanla növbəti müharibədə qoruya biləcəyinə yönəlik ümidləri qeyri-ciddi hesab etdiyinə eyham vurdu.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Yəni, Paşinyan hakimiyyəti erməni toplumuna Ermənistanın təhlükəsizliyinin birmənalı şəkildə yalnız Azərbaycanla imzalanacaq yekun sülh sazişinə bağlı olduğunu anlatmağa çalışır. Rəsmi İrəvan bu mövqeyə qarşı çıxıb, müqavimət göstərməyə çalışanları isə Ermənistanın maraqlarına xəyanət yolu tutan avantüristlər kimi xarakterizə edir. Və bu, onu göstərir ki, Paşinyan hakimiyyəti yaxın vaxtlarda sülh sazişi ətrafında anlaşmağa meyllidir.

Təbii ki, bütün bunlar Azərbaycanın maraqlarına tamamilə cavab verir. Prezident İlham Əliyev Rusiya paytaxtı Moskvada bəyan edib ki, Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyünün tanınması əsasında münasibətlərin normallaşması üçün ciddi ilkin şərtlər mövcuddur: "Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını nəzərə alsaq, Bakı ilə İrəvan arasında sülh sazişinin əldə olunması ehtimalı var".

Göründüyü kimi, həm Azərbaycanın, həm də Ermənistanın mövqeyi yekun sülh sazişinə doğru yaxınlaşmağa başlayıb. ABŞ və Qərb də bu prosesin uğur qazanması üçün vasitəçilik dəstəyini maksimum səviyyədə gücləndirməyə çalışır. Və belə bir vəziyyətdə yekun sülh sazişinin imzalanması qarşısında demək olar ki, yalnız bir önəmli əngəl qalmış kimi görünür.

Məsələ ondadır ki, Kreml də Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasına iddialı olsa da, əslində, Rusiyanın sülh prosesində əsas əngəlləyici faktor rolunda çıxış etdiyi də inkarolunmaz reallıqdır. Hər halda, Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə üçtərəfli Moskva görüşündən həlledici nəticələrin çıxma ehtimalı o qədər də yüksək deyil. Üçtərəfli görüş ərəfəsində imzalanmaq üçün hazırlanan sənədlər barədə yayılan məlumatlar da belə düşünməyə əsas verir.

4d917b4e5149c46ffac7960aa640404e.jpeg (106 KB)

Məsələ ondadır ki, Moskvadakı üçtərəfli görüşdən sonra iki sənədin imzalana biləcəyi barədə məlumatlar mövcuddur. Rusiya mətbuatının iddiasına görə, həmin sənədlərin razılaşdırılması hətta son günə qədər davam edib və kifayət qədər gərgin atmosfer hökm sürüb. Birinci sənəd baş nazir müavinləri səviyyəsində hazırlanan nəqliyyat kommunikasiyalarının açılması ilə bağlıdır. İkinci sənədin isə üç ölkə liderlərinin üçtərəfli görüşün yekununa dair birgə bəyanatı olduğu bildirilir.

Belə anlaşılır ki, Rusiyanın vasitəçilik fəaliyyətində elə bir ciddi irəliləyiş yoxdur. Əksinə, Kreml bundan əvvəlki üçtərəfli görüşlərin artıq hər kəsə yaxşı məlum olan ssenarisini eynilə təkrarlanmaqdan uzağa gedə bilmir. Hər halda, indiyə qədər analoji sənədlərdən bir neçə dəfə imzalanıb. Moskva görüşündə onların sırasına növbəti sənəd əlavə edilmiş olacaq. Və bu, Rusiyanın sülh prosesinə vasitəçilik missiyasının uğurlu olmadığını təsdiqləyir.

Məsələ ondadır ki, Kremlin vasitəçiliyi ilə indiyə qədər imzalanmış heç bir sənəd effektiv olmayıb. Ən yaxşı halda, həmin sənədlərin tələbləri yerinə yetirilməyib, eləcə kağız üzərində qalıb. Ən pis hallarda isə onların imza müəllifləri üzərinə qoyduğu öhdəliklər Rusiya və Ermənistan tərəfindən kobud şəkildə pozulub. Bu baxımdan, Kremlin vasitəçiliyi ilə sülh sazişinin imzalanma ehtimalı demək olar ki, inandırıcı görünmür.

Buna əmin olmaq üçün Moskva görüşü ərəfəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqunun açıqlamalarına diqqət etmək tamamilə kifayətdir. Belə ki, Rusiyanın müdafiə naziri KTMT toplantısında iddia edib ki, "ABŞ və Qərb "Dağlıq Qarabağ"da vəziyyətə müdaxilə etməyə və Rusiyanı regiondan sıxışdırıb, çıxartmağa çalışır". Və müdafiə naziri belə bir mövqe tutan bir dövlətin vasitəçilik missiyasına yalnız sadəlövhlər etibar edə bilər.

3af8a97d-88b9-4e60-84c3-b47653fa9f68.jpg (250 KB)

Məsələ ondadır ki, rus nazir ABŞ və Qərbin müdaxilə cəhdlərindən danışır. Ancaq unudur ki, məhz onun açıqlaması məzmun baxımından, birbaşa Azərbaycanın daxili işlərinə kobud müdaxilə xarakteri daşıyır. Çünki Rusiya sülhməramlı qüvvələri məhz Azərbaycan ərazisində müvəqqəti dislokasiya olunublar. Hətta Ermənistan belə, Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf edir. Ancaq rus nazir buna baxmayaraq, "Dağlıq Qarabağ" ifadəsini istifadə edir. Azərbaycan ərazisində isə "Dağlıq Qarabağ" adlı hər hansı inzibati ərazi bölgüsü mövcud deyil.

Digər tərəfdən, rus nazir Rusiya Müdafiə Nazirliyinin bülletenlərində Azərbaycandakı yer adlarının hələ də uydurma erməni adları ilə ifadə olunduğunu da yəqin ki, unudur. Halbuki, rəsmi Bakı bu barədə onun rəhbərlik etdiyi quruma dəfələrlə xəbərdarlıq edib. Deməli, rus nazir ilk növbədə Rusiyanın müdaxiləsi barədə danışmalıdır.

Nəhayət, rus nazirin "ABŞ və Qərbin Rusiyanı regiondan sıxışdırıb, çıxartmaq cəhdləri"ndən şikayətlənməsi də Kremlin vasitəçilik missiyasının əsas hədəfini növbəti dəfə ortaya çıxarır. Çünki S.Şoyqu dolayısı ilə etiraf etmiş olur ki, Kremli Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması deyil, məhz Rusiyanın Cənubi Qafqazdakı mövqelərini qoruya bilməsi maraqlandırır. Və bütün bunlar onu göstərir ki, Rusiyanın vasitəçiliyindən regional sülh prosesinin uğuru üçün müsbət nəsə gözləməyə dəyməz.

Ona görə də, ehtimal etmək olar ki, üçtərəfli Moskva görüşü regional sülh prosesində Rusiyanın vasitəçilik missiyasının son mərhələsi də ola bilər. Çünki Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin Rusiyada deyil, məhz Avropa ölkələrindən birində imzalanacağı gözlənilir. Böyük ehtimalla Kreml Rusiyada növbəti üçtərəfli görüş planlaşdırana qədər sülh sazişi yəqin ki, artıq imzalanmış olacaq.

(musavat.com)

Oxşar xəbərlər
OTACI