Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanın regional maliyyə mərkəzinə çevrilməsi üçün ilkin şərtlər açıqlandı

24 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərbaycanda ölkənin regional maliyyə mərkəzinə çevrilməsi üçün şərait formalaşır”.

Press.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiyanın “Qazprombank”ının Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.

Onun sözlərinə görə, bu potensial 6 şərtlə bağlıdır.

"Birincisi, Azərbaycan Şimaldan Cənuba və Şərqdən Qərbə Avrasiyanın əsas nəqliyyat marşrutlarının kəsişməsində unikal mövqeyə malikdir. Bir tərəfdən  ölkə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mərkəzindədir. Avrasiyanın Şərqini və Qərbini birləşdirən bu layihə Qazaxıstan, Türkiyə və Gürcüstanla birgə həyata keçirilir. Digər tərəfdən, Azərbaycan Cənubi Asiya ölkələri ilə ticarətin inkişafına yönəlmiş “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yanında mərkəzi mövqe tutur. Eyni zamanda, Azərbaycanda bütün zəruri nəqliyyat-logistika infrastrukturu, daha dəqiq desək, hava, dəmir yolu, boru kəməri və dəniz yolları var", - deyə G.Xaydarşina qeyd edib. 

"İkincisi, nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsi yeni sənaye sahələrinin, o cümlədən əsas nəqliyyat qovşaqlarının yaxınlığında yerləşən yüksək texnologiyalı müəssisələrin yaradılmasına kömək olacaq. 2019-cu ildə SOCAR-ın Sumqayıt Kimya Sənaye Parkında inşa etdiyi, 2022-ci ildə azot gübrələrinin Hindistana ixracına başlayan karbamid zavodunu buna misal göstərmək olar. Bundan əlavə, Azərbaycanın qərbində alüminium məmulatlarının istehsalı üzrə yeni böyük müəssisə yaradılacaq. Birinci mərhələdə investisiyaların məbləği 132 milyon ABŞ dolları təşkil edəcək. Biz onu da qeyd edirik ki, böyük neft və qaz ehtiyatlarının nəqliyyat dəhlizlərinə yaxınlığı Avrasiyanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın əhəmiyyətini artırır”, - deyə “Qazprombank”ın baş iqtisadçısı bildirib.

"Üçüncüsü, Azərbaycan Avrasiyanın rəqəmsal habına çevrilir. Milli internet provayderi “AzerTelecom” “Azərbaycan rəqəmsal habı” ("Azerbaijan Digital Hub") adlı genişmiqyaslı proqram həyata keçirir. Proqramın məqsədi Azərbaycanı rəqəmsal xidmətlərin idxalçısından dünya əhalisinin 1/4-nin yaşadığı regionda (Yaxın Şərq, Mərkəzi, Cənubi və Cənub-Şərqi Asiya) ən böyük ixracatçıya çevirməkdir. Bu proqram Azərbaycanın Qazaxıstan və Türkmənistanla birgə iştirak etdiyi daha böyük layihə - “Rəqəmsal İpək Yolu” ("Digital Silk Way") ilə birgə həyata keçirilir. Bu layihənin həyata keçirilməsi Mərkəzi Asiya, Çin və Avropa ölkələri arasında məlumatların ötürülməsini sürətləndirəcək", - deyə o vurğulayıb. 

"Dördüncüsü, Azərbaycan dövlət proqramlarının köməyi ilə informasiya texnologiyaları sektorunun inkişafına diqqət yetirir. “Dövlət dəstəyi ilə İT sektorunun inkişafı üçün üç istiqamət həyata keçirilir, daha dəqiq desək, maliyyə texnologiyalarının yaradılması, kibertəhlükəsizliyin təmin edilməsi (2022-ci ildə Azərbaycan Kibertəhlükəsizlil Təşkilatları Assosiasiyası yaradılıb) və xarici proqramçıların və sahənin digər mütəxəssislərinin cəlb edilməsi ilə Azərbaycanda İT autsorsinqin inkişafı. Məqsəd Azərbaycanı İT xidmətlərinin autsorsinqi üzrə regional mərkəzə çevirməkdir ki, bu da onun Avrasiya məkanındakı rolunu gücləndirməyə kömək edəcək”, - G.Xaydarşina hesab edir.

"Beşincisi, Azərbaycan sahənin aparıcı ölkələrinin dəstəyi ilə startap ekosistemini fəal şəkildə inkişaf etdirir. 2021-ci ildə startap ekosisteminin inkişafı üzrə dövlət proqramı işə salınıb. Bu proqram çərçivəsində startaplar üçün mənfəət vergisi və ƏDV-dən azad olmağı nəzərdə tutan güzəştli vergi rejimi tətbiq edilib. Bundan əlavə, ölkədə “StartUp School” layihəsi, eləcə də iri universitetlərdə İT məktəbləri yaradılıb və uğurla fəaliyyət göstərir. 

Nəhayət, sonuncu – altıncı şərt Azərbaycanda rəqəmsal inkişaf indeksinin göstəricilərinin yaxşılaşmasıdır. BMT-nin Rəqəmsal İnfrastruktur İnkişafı İndeksinə əsasən, Azərbaycan son 10 ildə reytinqdə 10 pillə yüksəlib, 2022-ci ildə isə 193 ölkə arasında 80-ci yerdə qərarlaşıb. Beləliklə, irimiqyaslı regionlararası nəqliyyat logistika infrastrukturunun, eləcə də yeni sənaye sahələrinin yaradılmasının inkişaf etmiş rəqəmsal infrastruktur tərəfindən dəstəklənən maliyyə xidmətlərinin genişləndirilməsini tələb etdiyini nəzərə alsaq, Azərbaycan regional maliyyə mərkəzi olmaq üçün bütün ilkin əlamətləri nümayiş etdirir”, - “Qazprombank” nümayəndəsi vurğulayıb.

Oxşar xəbərlər
OTACI