Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıdan ÜST-ə çağırış: Nəzarəti gücləndirin!

21 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan tərəfi ÜST-ün regiondakı ofislərini bölgədə sülh gündəliyinə doğru aparılan səyləri əngəlləyən hər hansı bir siyasi bəyanatlardan çəkinməyə və bu fəaliyyətlərə Təşkilatın rəhbərliyi tərəfindən nəzarəti gücləndirməyə çağırıb.

Press.az xəbər verir ki, bu barədə Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə ÜST-ün Avropa üzrə Regional direktoru Hans Henri Kluge ilə Azərbaycan nümayəndə heyəti arasında ikitərəfli görüşdə bildirilib.

Qeyd edək ki, mayın 21-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrə Konfederasiyasının Cenevrə şəhərində yerləşən mənzil qərargahında Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyasının açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Assambleyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Assambleya çərçivəsində ÜST-nin Avropa üzrə Regional direktoru Hans Henri Kluge ilə Azərbaycan nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib. Səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb: “Azərbaycan nüfuzlu səhiyyə təşkilatı ilə 1992-ci ildən sıx əməkdaşlıq edir. Ötən müddət ərzində regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib”.

Nazir, həmçinin COVID-19-la mübarizədə ölkə daxilində görülmüş işlər, habelə beynəlxalq müstəvidə Azərbaycanın göstərdiyi yardım və irəli sürdüyü təşəbbüsləri qeyd edib.

Daha sonra nazir Teymur Musayev son günlər Ermənistan mediasında Ümumdünya Səhiyyə Təşkilatının həmin ölkədəki Nümayəndəliyinin rəsmiləri ilə Ermənistan səhiyyə naziri arasında keçirilmiş görüşdə ÜST rəsmisi tərəfindən Azərbaycan Respublikasının suveren əraziləri ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli və mandatdan kənara çıxan fikirlərin yayılmasından narahatlığını qarşı tərəfin diqqətinə çatdırıb.

Hans Kluge məsələyə dair Təşkilatın Ermənistandakı nümayəndəliyi ilə əlaqə saxladığını, Ümumdünya Səhiyyə Təşkilatının Ermənistandakı Nümayəndəliyi ilə səhiyyə naziri arasında keçirilmiş görüşdə Azərbaycana aid heç bir fikir səsləndirilmədiyini, ümumilikdə ÜST-ün dünyada tibb personalına qarşı hücumları pislədiyini bildirmişdir. Hans Kluge hadisə ilə bağlı hər hansı bir məlumatın ÜST-ün rəsmi internet səhifəsində yayımlanmadığını vurğulamışdır.

Görüşdə Azərbaycan tərəfi ÜST-ün regiondakı ofislərini bölgədə sülh gündəliyinə doğru aparılan səyləri əngəlləyən hər hansı bir siyasi bəyanatlardan çəkinməyə və bu fəaliyyətlərə Təşkilatın rəhbərliyi tərəfindən nəzarəti gücləndirməyə çağırdı. Hans Klüge ÜST-nin öz fəaliyyətini siyasiləşdirmədən bitərəf və qərəzsiz şəkildə bundan sonra da davam etdirəcəyinə əminliyini ifadə edib.

Oxşar xəbərlər
OTACI